“Zapravka”lar yanacağı az vurur” – Dövlət Komitəsi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir sıra yanacaqdoldurma məntəqələrinin (YDM) fəaliyyətində nöqsanlar aşkarlayıb.1462439560_ramiz_hese

Bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

“Bəzi yanacaqdoldurma məntəqələri bizim möhürləri qırır. Dövlət qurumunun möhürünü qırmaq olmaz, buna görə, cinayət məsuliyyəti nəzərdə tutulub. Bizim monitorinqlərimiz göstərir ki, bir çox yanacaqdoldurma məntəqələri istehlakçıların, sürücülərin avtomobillərinin çəninə nəzərdə tutulandan xeyli az yanacaq vurur. Bununla bağlı müvafiq sənədlər toplanıb və prokurorluq orqanlarına göndərilib”, – deyə R. Həsənov qeyd edib.

Amma Ramiz müəllimin konkret adlar çəkməməsi bizdə təəssüf hissi yaradır. Maraqlıdır ki, komitə sədri nöqsanların aşkarlandığı yanacaqdoldurma məntəqələrini «bəzi» kimi təqdim edir. Bəlkə o konkret ad çəkməkdən çəkinir, qorxur? Əgər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyəti şəffafdırsa, o zaman sürücüləri aldadan yanacaqdoldurma məntəqələrinin adını cəmiyyətə açıqlasın və insanlar həmin «zapraka»lardan istifadə etməsinlər. Zaman-zaman mətbuatda «Azpetrol», «İST Petrol», «SOCAR», «Lukoil» yanacaqdoldurma məntəqələrində vətəndaşların aldadılması ilə bağlı yazılar gedib. Lakin ortada rəsmi mövqe olmadığından həmin yanacaqdoldurma məntəqələri barədə tədbir görülməyib. İndiki halda isə komitə rəhbəri nöqsanların olduğunu etiraf edir, amma ad açıqlamır. Yaxşı olardı ki, Ramiz Həsənov sürücüləri aldadan məntəqələrin adını açıqlasın. Əks halda, onun açıqlamalarının ciddiliyi şübhə altına düşəcək. Başqa bir ehtimala görə, komitə sədri bilərəkdən həmin yanacaqdoldurma məntəqələrinin adını açıqlamır, gözləyir ki, həmin məntəqələrin rəsmiləri gəlib onu «görsünlər». Hər şey ola bilər…