Zamin Hacı polisə çağırılıb – Yenilənib

Tanınmış köşə yazarı Zamin Hacı yenidən Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

 Bu barədə jurnalist feysbuk səhifəsində yazıb.

Jurnalist bildirib ki, son bir il yarımda təkcə bu idarəyə üçüncü dəfədir çağırırlar:“Bu gün saat 5-də orda olmalıyam. Deyirlər, istintaq idarəsinin rəisi Nazim müəllim sizinlə görüşmək istəyir. “Niyə görmək istəyir”, “gələrsən, görərsən” – vəziyyət budur”.

 

Z.Hacı yazıb ki, rəsmi çağırış vərəqi istəməyin mənası olmadığı üçün belə bir şey istəməyib.

 

16:33

***

“Yeni Müsavat”ın köşə yazarı Zamin Hacı Bakı şəhər Baş Polis İdarəsində təxminən 70 dəqiqə qalıbv. Söhbətin ardından köşə yazarı və onu müşayiət edən hüquqşünaslar Bakı polisinin mərkəzi binasından ayrılıblar. 
Zamin Hacı musavat.com-a deyib ki, onu, keçən dəfə olduğu kimi, BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılov qəbul edib. Ondan başqa, söhbətdə DİN rəhbərliyinin təmsilçisi də iştirak edib. Köşə yazarına polisin fəaliyyətinə kölgə salan statuslar yazdığına görə iradlar bildirilib. Zamin Hacı deyib ki, yazıçı Rafiq Tağının ildönümü günündə Facebookdakı səhifəsində üstü açılmayan qətllərlə bağlı status yazıbmış. Orada son illərdə törədilmiş siyasi və başqa xarakterli qətllərlə bağlı istintaq orqanlarını qınayan fikirlər yazıb.
Z.Hacı deyib ki, polis zabitləri ilə mədəni polemika aparıb, onların arqumentlərini dinləyib, özünün fikirlərini müdafiə edib.
Qeyd edək ki, bir neçə ay öncə köşə yazarını BŞBPİ-yə çağırmış, Facebook statusu ilə bağlı xəbərdarlıq etmişdilər.