Yunanıstan Makedoniya ilə şimal sərhədində yerləşən müvəqqəti İdomeni düşərgəsindəki minlərlə miqrantı evakuasiya etməyə başlayıb.
Onların əksəriyyəti 80 kilometr cənuba doğru yerləşən Saloniki şəhəri yaxınlığındakı yeni düşərgəyə köçürüləcək.
Səhər çağlarında düşərgəyə iğtişaş polisi yeridilib. Lakin rəsmilər gücdən istifadə etməyəcəklərini deyirlər.
Yunanıstan-Makedoniya sərhədi mart ayında bağlanılıb. Bundan sonra İdomenidə Avropanın şimalına getmək arzusunda olan 8 mindən çox insan ilişib qalıb.
Əsasən, Suriya, İraq və Əfqanıstan kimi münaqişə zonalarından olan miqrantlar çadırlarda çox ağır şəraitdə yatmağa məcbur qalsalar da köçməkdən imtina edib.
Onlar hakimiyyətin təşkil etdiyi düşərgələrə köçürülməklə bağlı çağırışlara məhəl qoymayıblar. Miqrantlar bu addımı, sərhəddən uzaqlaşmaq istəmədikləri üçün atdıqlarını deyirlər.
İdomeni düşərgəsində olan şahidlər insanları daşımaq üçün polis maşınları və avtobusların ərazidə olduğunu bildirir.
Polis çərşənbə axşamı səhər saatlarında jurnalistlərin düşərgəyə keçməsinə mane olub.
Bazar ertəsi hökumət sözçüsü Giorgos Kyritsis Yunan televiziyasına bildirib ki, bütün miqrantlar köçürüləcək və bu əməliyyat üçün təxminən bir həftə tələb olunur.
“İdomeni kimi bir şey mövcud ola bilməz. Bu, yalnız qaçaqmalçıların maraqlarına xidmət edir,” o deyib.
Onun sözlərinə görə, miqrantların əksəriyyəti Yunanıstanın ikinci şəhəri olan Saloniki yaxınlığında yeni düşərgəyə köçürüləcək.
Həmçinin, bazar ertəsi polis sərhəddə dəmir yolunu ba bağlamış təxminən 2 min nəfəri köçürməyə başlayıb.
Dəmir yolu bir aydan artıqdır ki, miqrantlar tərəfindən bağlanıb. Bu da qatarları Bolqarıstan vasitəsilə daha da şərqə istiqamətlənməyə məcbur edir.
Makedoniyanın Yunanıstanla sərhəddən keçən miqrantlara görə keçidin bağlanması qərarından sonra Avstriya elan edib ki, o, öz sərhəd nəzarətini sərtləşdirir.
O vaxtdan bəri digər Balkan ölkələri öz sərhədlərini bağlayıb.
Bir milyondan artıq qeydiyyatsız yaşayan qaçqın və digər miqrantlar ötən ilin əvvəlindən etibarən Avropa İttifaqı ərazisinə daxil olub. Onlar Türkiyədən Yunanıstana qayıqla gəlir. Bu hal Aİ üzvü olan 28 dövlətdə böhran yaradıb.