Yeni müharibə yoxsa davamlı sülh? Diktator rejimin planı nədir? – Siyasi aktivist Hikmət Babayev yazır:

Bu məqalədə Dağlıq Qarabağ müharibəsinin bitməsindən 2 ildən çox vaxt keçməyinə baxmayaraq hələ də davam edən qeyri-müəyyən vəziyyət və uzadılan sülh prosesi, əsgər ölümləri barədə danışmaq, Əliyev rejiminin atdığı addımları analiz etməyə çalışacağıq.

Ötən ilin sonlarında Ermənistanla münaqişənin kəskinləşməsi fonunda Azərbaycanda (2020-ci il müharibəsindən fərqli olaraq) artıq Ermənistan ərazisində aparılan hərbi əməliyyatları pisləyən tanınmış siyasətçilərə, fəallara, jurnalistlərə qarşı “xaini tanı” həştəqi ilə kampaniyaya start verildi. Hökümət sülh axtarışında olduğunu hər tribunadan elan etsə də bunu təbliğ edən ictimai fəalları, jurnalistləri niyə sıxışdırdı? Siyasətçi Tofiq Yaqublu, bloger Orxan Ağayev, tarixçi Altay Göyüşov, sabiq deputat Gültəkin Hacıbəyli, jurnalistlər Əfqan Muxtarlı və Sevinc Osmanqızı və başqaları kampaniyanın niyə hədəfi oldu? Mövcud vəziyyət bu nəticəni çıxarmağa imkan verir: hazırki diktatura rejimi müharibədən qidalanır, hər ay ölən əsgərlər onlar üçün heçnə ifadə etmir. Əsas məqsəd mövcud qanlı rejimin qorunub saxlanması üçün daimi bir “xarici təhdid”i aktual saxlamaqdır. Əliyev rejimi sülh axtarışında olduğu yalanını xalqa sırımağa davam edir. Eyni zamanda bunu duyan fəalları da təqib etməkdən çəkinmir.

Azərbaycanı beynəlxalq təzyiqlə üz-üzə qoyan və xaqlarımız arasındakı inteqrasiya prosesinə zərbə vuran daha bir addım isə 2022 – ci ilin 12 dekabrında Laçın yolundakı Rusiya sülhməramlı kontingentinin postu yaxınlığında başlayan aksiyadır. Demək 2020 – ci ilin 10 noyabr razılaşmasına əsasən Azərbaycan tərəfinin bəh-bəhlə əraziyə yerləşdirdiyi “sülhməramlı qüvvələr”in fəaliyyəti İlham Əliyev rejimini qane etmir. Adını “ekoaktivist” qoyduqları hakimiyyətin sözündən çıxmayan bir qrup troll dəstəsi (bu fikrimi əsaslandırmaq üçün bildirim ki, dekabrın 14-də Meydan TV-nin əməkdaşları Aytac Tapdıq, Xəyalə Ağayeva və müstəqil jurnalist Teymur Kərimov Şuşa-Xankəndi yolundan reportaj hazırlamağa gedərkən mülki və qara maskalı şəxslər tərəfindən saxlanılıblar) növbə ilə qeyd olunan məntəqədə keşik çəkib guya ərazidə beynəlxalq şirlkətlərin fəaliyyətlərini protest edirlər. Ermənistan tərəfi böhrana görə yüzlərlə ailənin blokadanın müxtəlif tərəflərində qaldığını və ərzaq çatışmazlığının yarandığını bildirdi, Avropa İnsan Haqları Məhkəməsi məsələ ilə bağlı Azərbaycan üzərinə öhdəliklər qoydu. İlham Əliyev və quldur dəstəsinin müharibədən sonrakı dövrdə də sülhdə maraqlı olmadıqlarını aylardır davam edən siyasi oyunlar bir daha göstərir. Bu addımlarla etnik erməni əhalini necə inteqrasiya etməyi düşünürlər? Bütün dünya ictimaiyyəti Əliyev rejimini yol kəsməkdə günahlandırdığı bir vəziyyətdə hansı birgəyaşayış nomraları tətbiq etməyi planlaşdırırlar? Və ya sualı başqa cür qoyaq: hansı etnik erməni Azərbaycan vətəndaşı olub diktatorun boyunduruğu altına keçməyə razı olar?

Ermənistan əhalisi kimi azəbaycanlılar da məyusdur. İki ildən artıq bir müddətdir ki, Əliyev hakimiyyəti “müharibə bitdi”, “Azərbaycan ərazi bütövlüyünü bərpa etdi” şüarları ilə öz rüşvətxor və cinayətkar rejimlərini legitimləşirməyə çalışır. Ancaq reallıqlar tam fərqlidir: hər həftə cəbhədə yeni toqquşmalar və əsgər ölümləri baş verir. Cinayətkar ordu rəhbərliyi bu ölümlərin çoxunu “qeyri – döyüş şəraitində” ölümlər kimi qələmə verməklə davam edən münaqişəni ört basdır etməyə çalışır. Bu hesabatlara görə hərbi qulluqçular arasında özünə xəsarət yetirmə və intihar hallarının daha yüksək olduğu müşahidə olunur. (2022 – ci il ərzində 145 hərbi qulluqçunun həyatını itirdiyi bildirilir) Ordudakı ardıcıl ölümlər haqlı olaraq şübhələrə və spekulyativ məlumatların yayılmasına da səbəbiyyət verir. Özünü güllələmə halları orduda əsgərlərlə işin çox zəif aparıldığını və idarəolunmaz hala çatdığını, baş verən ölümlərin səbəbinin ictimaiyyətdən məqsədli şəkildə gizlədildiyini göstərir.

Cinayətkar rejimin yaxın müttəfiqi Putin Ukraynayla savaşı bir qədər uzada bildiyindən beynəlxalq avtoritarizmin çöküşü bir az ləngiyib. Bu fürsətdən istifadə edib Azərbaycan cəmiyyətini hərtərəfli sıxışdırmaq, repressiyalarla susdurmaq qərarına gəliblər. Ona görə də çoxsaylı həbslər həyata keçirirlər. Məlum olduğu kimi, bir çox ictimai-siyasi xadimlər artıq həbs olunublar. Gültəkin Hacıbəyli məhkəməyə verilib, Bəxtiyar Hacıyev və Tofiq Yaqublu həbs olunub, “Siyasi partiyalar haqda” qanun artıq ikinci oxunuşdan keçib. Hakimiyyət demokratik qüvvələri tam təcrid etmək siyasətinə start verib. Hakimiyyətə xidmət edən media içərisində də ciddi problemlərin olduğu məlumdur. “AzərTac” Dövlət İnformasiya Agentliyinin keçmiş əməkdaşı Aygün Əliyeva özünə qəsd etdi. Bütün bunlar diktatura rejiminin insanları necə cana yığdığını, demokratiyaya az da olsa inamı olan hər bir insan üçün bu ölkənin necə dözülməz bir yerə çevrildiyinin sübutudur. Jurnalist həbsləri, azad medianın sıxışdırılması və tamamilə məhv edilməsi, ehtimal olunur ki, 2023-cü ildə ən yüksək həddinə çatacaq. Artıq bir neçə media orqanına hüquq mühafizə orqanlarının əməliyyatları başlayıb. Daha əvvəl etirazlara məhəl qoyulmadan qəbul edilən yeni “Media haqqında qanun” da bu işdə diktatura rejiminin əl qolunu açacaq.

Yuxarıda qeyd olunan məsələlər sülhə nail olma yolundakı əngəllərdən bir neçəsidir. Hazırki vəziyyətdə xalqın düşünə bilən hissəsinin mövcud rejimə heç bir inamı qalmayıb. Xalq qorxu və təzyiq altında saxlanılır. Öz cəmiyyətində fundamental hüquq və azadlıqları boğan bir rejim etnik erməni əhalini necə reinteqrasiyaya razı salacaq? Xankəndidə yaşayan əhaliyə necə Azərbaycan vətəndaşlığını qəbul etdirəcək? Sülhü necə bərqərar edəcək? Bu sualların bir cavabı var: 20 ildir qeyri-qanuni şəkildə özünü ömürlük “padşah” elan etmiş diktator – İlham Əliyev hakimiyyətdən getməli, yerinə demokratik hökumət gəlməlidir. Siyasi həbslər, repressiyalar, məhv edilmiş media və vətəndaş cəmiyyəti bərpa edilməlidir. Bizim tək xilas yolumuz budur!