“Yanıb kül olmuş xarabalıqda şəkil çəkdirmək yox, xalqa izahat vermək lazımdır”

AXCP sədri Əli Kərimli də baş vermiş faciə ilə bağlı fikirlərini “facebook” səhifəsindən bölüşüb:

“Bu səhəri də bəd xəbərlə açdıq. Daha 25 nəfər soydaşımızın da həyatına Respublika Narkoloji Dispanserində baş vermiş yanğında son qoyuldu. Bu nəhənglikdə dövlət aparatı şəhərin mərkəzində, bir mərtəbəli binada, səhər saatlarında baş vermiş yanğını söndürməkdə yenə də aciz qaldı. Bəs bu vətəndaş dara düşəndə, fəlakət yaşayanda nə zaman dövlətindən vaxtında və bacarıqlı dəstək, yardım ala biləcək? Sual aktual olaraq qalır, bu dövlət xalqa xidmət üçün yaradıldığı halda nəyə görə hər zaman korrupsionerlərə xidmət edir?dispanser-yangin

İlham Əliyev 25 nəfərin yanaraq öldüyü əraziyə gedibmiş. Ondan əvvəl də nazirlər gedib baxıblar ki, 25 nəfər çarəsiz adam Bakının mərkəzində necə diri-diri yanıb. İlham Əliyevin və ətrafındakı oliqarxların indi həmin əraziyə getməsi nəyi dəyişir? Yanıb kül olmuş xarabalıqda şəkil çəkdirmək yox, xalqa izahat vermək lazımdır. Vətəndaş dənizdə batır, xilas edə bilmirsiniz, alpinistlər dağda itir, heç cəsədini də tapa bilmirsiniz, uçan binanın altında qalır, yenə də heç kimi xilas edə bilmirsiniz, Müdafiə Sənayesi Nazirliyinin ildə bir neçə obyekti yanır, partlayır qarşısını ala bilmirsiniz, indi də şəhərin mərkəzində, cəmi 1 mərtəbədən ibarət olan binadakı yanğını da söndürə bilmirsiniz. Xalqın gözündən pərdə asmaq yox, izahat vermək lazımdır”.