“Xalqdan oğurlanan pulların artıq bir hissəsinin təyinatı da aşkarlanıb”

Milli Şura sədri C.Həsənli 2013-cü ilin prezident seçkilərini xatırladaraq deyib ki, o, debatlar zamanı hakim ailənin hansı natəmiz işlərlə məşğul olduğunu faktlarlarla xalqa çatdırıb:cemil-hesenli-yeni3

“Məhz, həmin il prezidentliyə namizəd kimi mən YAP-ın namizədi İlham Əliyevin maliyyə deklarasiyasının açıqlanması barədə Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət etdim. Seçki qanununa görə hər bir namizəd özünün və həyat yoldaşının gəlirləri haqqında MSK-ya deklarasiya təqdim etməli idi. Lakin MSK müxtəlif bəhanələrlə hakim partiyanın namizədinin gəlirləri haqqında sənədi xalqdan gizlətdi. İndi OCCRP-nin araşdırmasından məlum olur ki, təkcə 2012-2014-cü illərdə Əliyevlər yalnız bir marşurutla ölkədən 2,9 milyard dollar vəsait çıxarıblar. Deməli, orta hesabla hər gün xalqdan oğurlanan 3 milyon dollar vəsait Böyük Britaniya şirkətlərinə ötürülüb. 55 faizi dövlətə məxsus olan Beynəlxalq Bank bu gizli əməliyyatları həyata keçirib. Bu hakim ailənin bir maliyyə fırıldağı deyil, yüzlərdən biridir. Fövqəladə Hallar, Müdafiə, hətta Milli Təhlükəsizlik Nazirliyi bu marşurutla Britaniyada hakim ailənin nəzarətində olan 4 şirkətə böyük pullar göndərib. “Rossoboronaeksport” qeyd edilən şirkətlərə 30 milyona yaxın  “şapka” göndərib. Bu, o deməkdir ki, alınan silahları, hərbi ləvazimatı qiymətindən dəfələrlə baha sənədləşdiriblər. Necə ki, 19 milyon dollara olan dəmir yol avadanlıqlarını “Bombordier” şirkəti ilə 104 milyona sənədləşdirib 85 milyon Panama hesablarına ötürüb. Təəssüf ki, hakim ailə təkcə mülki işlərdə, sadə iqtisadi məsələlərdə deyil, hərbi alış-verişdə də korrupsiyaya bulaşıb”.

Cəmil Həsənli hesab edir ki, ərazisi işğal olunan dövlət üçün açıqlanan faktlar böyük rüsvayçılıqdır:

“Hərbi hazırlıq adı altında korrupsiya əməlləridir və hərbi korrupsiyadır. Xalqdan oğurlanan pulların artıq bir hissəsinin təyinatı da aşkarlanıb. Azərbaycan xalqını təhdid altında saxlamaq, siyasi məhbus düşərgəsi yaratmaq, saxta seçkilər keçirmək, saxta imic formalaşdırmaq və digər natəmiz işlər üçün xərclənib bu pulların cüzi bir hissəsi. Qalanı qara korrupsiya kassasında ailə vəsaiti kimi saxlanılır. Görün kimlərə verilib rüşvətlər – CNN müxbirinə, AŞPA Parlament Assambleyası prezidentinin müavininə, AŞPA-da komitə sədri olmuş Azərbaycanda prezident seçkilərini müşahidə edən qrupun başçısına, YUNESKO direktoru İrina Bokovanın ərinə və digərlərinə. Bu, natamam siyahıdır və hələ çoxunun adı çıxacaq bu şəbəkədən. Çünki bu transmilli bir cinayət şəbəkəsidir. İndi Azərbaycanın La Manş suları ilə işləyən pul yuyan maşınları haqqında bütün dünyada əfsanələr dolaşır”.

Professor prezidentin köməkçisi və mətbuat xidmətinin açıqlamalarını “Məlikməmməd nağılı” adlandırıb.

O, hakimiyyət rəsmilərinə xitabən “Siz ölkənizdən, öz xalqınızdan, öz millətinizdən, rəhbərlik etdiyiniz dövlət ailəsindən pul oğurlayırsınızsa, büdcəni talayırsınızsa, 19 milyon dollarlıq dəmir yol avadanlığını 104 milyona sənədləşdirib fırıldaqla məşğul olursunuzsa, buna erməni neyləsin, Soros neyləsin” deyə sual edib:

“Məgər hansısa erməni gəlib sizin əvəzinizə “Baktelekom” MMC vasitəsilə Britaniyaya oğurluq pullar göndərib? Bunların üzlərinə deyirlər “oğrusunuz” və onlar bundan utanmırlar. Bu, maliyyə fırıldağının üstü normal bir ölkədə açılsaydı,  belə bir rüsvayçılıq özünə az-çox hörməti qalmış bir hakimiyyətin başına gəlsəydi, dinməz-söyləməz nəinki hakimiyyətdən, ümumiyyətlə, siyasətdən gedərdi. Amma dediyim kimi, bunlar aşkarlanan oğurluq faktlarından, büdcə talanından, natəmiz maliyyə fırıldaqlarından utanmırlar, millətin sərvətlərini gizli yolla xarici banklara, ofşor hesablara daşımaqla utanc hissini itiriblər”.

Milli Şura sədri deyir ki, “Panama kağızları” ilə bağlı gizli hesablar aşkarlananda AXCP sədri Əli Kərimli ilə birlikdə baş prokurorluğa araşdırma başlanması üçün müraciət ediblər, amma heç bir reaksiyası olmayıb:

“Təsəvvür edin, 16 min gizli, oğurluq, qanunsuz pul köçürməsi olub, hüquq-mühafizə, iqtisadi maliyyə və təhlükəsizlik orqanları bunun birini də qeydə almayıb. Bu necə ola bilər? Ona görə də çarə xalqa qalıb və xalq öz sözünü deməlidir”.