“Xəyalpərəstlərə deyin ki, 100 il versələr də, sınmayacağam…”

Keçmiş səhiyyə naziri Əli İnsanov 11 illik cəzasının bitməsinə cəmi 58 gün qalmış başlanan cinayət işi ilə bağlı aprelin 7-də yenidən məhkəmə qarşısına çıxarılıb. Bu cinayət işinin onu həbsdə saxlamaq üçün saxta zərərçəkənlər vasitəsilə düzülüb-qoşulduğunu deyən İnsanov məhkəmədə düşmənlərinə mesaj da göndərib. Deyib ki, onu heç 100 il həbs də sındıra bilməz.

“Düşmənlərim elə bilir ki, məni həbsdə çox saxlasalar, sınacam. Sınmağım mümkün deyil. Mənimlə bağlı baş verənlər bir xəyalpərəstin çayın kənarında oturub, o çayın axıb qurtarmasını gözləmək kimidir. Xəyalpərəstlərə deyin ki, lap 100 il versələr də, mənim səbrim tükənən deyil”, – Əli İnsanov məhkəmədə belə deyib.

Avropanın kralları müqəddəs Yelena adalarının divarlarını görəndə qorxurdular. Çünki onlar bilirdilər ki, o divarların arasında Napoleon var. İndi bunlar da Kürdəxanı türməsinin divarlarını görəndə dəli olurlar. Çünki bilirlər ki, orada kimlər yatır.

Elə başa düşməyin ki, mən geri çəkilirəm, ad çəkmirəm. Sadəcə, bir plan var. Mən burada kimlərinsə adını çəksəm, məni buradan sürüyə-sürüyə aparacaqlar. Mən bunu özümə rəva görmürəm, yəqin, siz də rəva görməzsiz.
Mənim üzümə duram ədliyyə işçisini rəis təyin elədilər. Üzümə duran bir yazıq dustağı isə əfv sərəncamı ilə buraxıblar. Bu Anar Məmmədova da yəqin nəsə bir vəzifə verəcəklər”.

(Əli İnsanovun onu vurduğunu iddia edən Penitensiar Xidmətin işçisi, ədliyyə mayoru Anar Məmmədov da məhkəmə zalında olub. O, iş üzrə zərərçəkən qismində tanınıb).

Çıxışının sonunda Əli İnsanov məhkəmənin özünün də hazırda saxlanıldığı Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında keçirilməsini təklif edib. Hakim bildirib ki, bu məsələyə növbəti iclasda baxılıb qərar veriləcək.
Hakim vəsatətlərin heç birini təmin etməyib. İş məhkəmə baxışına verilib. Məhkəmə aprelin 12-nə təyin olunub.
Xatırladaq ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası verilib.  Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yeni cinayət işi başlanıb. İnsanova qarşı CM-nin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb.