Xətainin icra başçısı müavinindən üzür istəməyə məcbur edildi.

Xətai rayon İcra Hakimiyyətinin ötən həftə keçirilən kollegiya iclasında qalmaqal olub.

“Yeni müsavat” qəzetinə istinadən bildsiririk ki, iclasda icra başçısı Razim Məmmədov birinci müavini Rafiq Quluyevlə dalaşıb. Belə ki, R.Məmmədov müavinini hansısa tapşırığı vaxtında etmədiyi üçün danlamaq istədikdə, qarşı tərəfin sərt təpkisi ilə üzləşib. Mənbənin bildirdiyinə görə, Rafiq Quluyev icra başçısına hamının gözü qarşısında “bağırma, səndən qorxan yoxdur, özünü yığışdır, yoxsa sənin üçün pis olar” deyib. Bundan sonra icra başçısı möhkəm qəzəblənib və 1-ci müavini iclasdan qovmaq istəyib.

Şahidlərin bildirdiyinə görə, R.Quluyev iclası tərk etmək istəməyib. “Məni bu vəzifəyə cənab prezident qoyub, sən kimsən”, deyə etirazını bildirib. Mənbə iddia edir ki, bundan sonra tərəflər arasında az qala əlbəyaxa dava çıxıb. Kollegiya iclasında iştirak edən digər aparat üzvləri araya girməsəymiş, davanın qaçılmaz olduğu bildirilir.

Məlumata görə, Rafiq Quluyev iclasdan çıxdıqdan sonra Prezident Administrasiyasında olub. O, kollegiya iclasında başçı tərəfindən ağır formada təhqir olunduğunu deyib. Sübut kimi iclasdan çəkilən videonun ortaya qoyulmasını təklif edib.

Bundan sonra Razim Məmmədov bəlli bir ünvana çağırılaraq sonuncu dəfə xəbərdarlıq edilib. Onun nəzərinə çatdırılıb ki, ya işdən çıxarılacaq, var-dövlətinə, əmlakına əl qoyulacaq, oğul-uşağı, qohum-əqrəbası işdən çıxarılacaq, həbs ediləcək, ya da gedib 1-ci müavinindən üzr istəyib, onu işə qaytaracaq. Razim Məmmədovun qarşısında ağır bir tələb də qoyulub: “Get, kollegiyanı topla, həmin insanların qarşısında Rafiq Quluyevdən üzr istə”. Bundan sonra bərk qorxuya düşən Razim Məmmədov təcili kollegiya iclasını çağırıb və 1-ci müavin Rafiq Quluyevdən üzr istəyib. Şahidlərin dediyinə görə, R.Quluyev onunla bir yerdə işləməyin mümkün olmadığını deyib. Mənbə iddia edir ki, Razim Məmmədov hamının gözləri qarşısında Rafiq Quluyevə rəsmən yalvararaq, onu birtəhər yola gətirib.

Qeyd edək ki, hələ 2015-ci ilin aprel ayında Xətaidə yanan binaya görə Razim Məmmədovun vəziyyətinin çətin olduğu deyilirdi. Bu hadisədən sonra onun yaxın vaxtlarda vəzifədən çıxarılacağı iddia olunur.