“Vizasız gediş-gəliş əvəzində anti-terror qanunlarına dəyişiklik etməyəcəyik”.

Türkiyə prezidenti Avropa İttifaqına deyib ki, vizasız gediş-gəliş əvəzində anti-terror qanunlarına dəyişiklik etməyəcək.ghjklı

“Biz öz yolumuza gedirik, sən də öz yoluna, kiminlə razılaşa bilirsən razılaş”, – Recep Tayyip Erdoğan deyib.

Cənab Erdoğan, Aİ ilə danışıqların əsas iştirakçısı olan Baş Nazir Ahmet Davutoğlunun istefa verməsini bəyan etməsindən bir gün sonra bu bəyanatı verib.

Məlumatlara görə, cənab Davutoğlu həmçinin cənab Erdoğanın prezidentə daha çox səlahiyyət verməsi planlarına qarşı çıxıb.

Cənab Erdoğan isə deyib ki, konstitusiyaya təklif olunan bu dəyişiklər şəxsən onun yox, xalqın ehtiyacı olan məsələdir.

Aİ Türkiyədən anti-terror qanunlarına dəyişiklik etməsini istəyib. Əvəzində isə Türkiyə vətəndaşlarına Şengen müqaviləsi ölkələrinə qısa müddətli səfərlər üçün vizasız gediş tətbiq edəcəyini deyib.

Bu plan həmçinin miqrantların Yunanıstandan Türkiyəyə qayıtmasını nəzərdə tutan razılaşmanın bir hissəsidir.

Aİ istəyir ki, Türkiyə öz qanunlarında terrorizm anlayışının şamil olunma sahəsini azaltsın. Bu, Aİ-nin irəli sürdüyü 5 kriteriyadan biridir və yalnız onların qəbul olunmasından sonra vizasız gediş-gəlişin tətbiqinin mümkün olacağını bildirib.

Erdoğan anti-terrorçuluq qanunları ilə bağlı dəyişiklər təklifini rədd edərək bildirib ki, Türkiyə ciddi terror təhlükəsi altındadır.

O hesab edir ki, qanunlar ölkə daxilində kürd silahlıları və xaricdə cıhadçı qruplar, o cümlədən İraq və Suriyada özünü “İslam Dövləti” adlandıran qruplaşmaya qarşı mübarizə üçün önəmlidir.