Bu barədə agentliyə rəsmi məlumat göndərilib
Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan” İnformasiya Agentliyinə təyin etdiyi 37 min manat (22 min dollar) məbləğində əlavə vergi sanksiyasını ləğv edib.
Bu barədə agentliyə rəsmi məktubla məlumat göndərilib.
“Turan”-ın yaydığı məlumatda bildirilir ki, departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib.
Avqustun 7-də Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti “Turan”a qarşı cinayət işi başlatmışdı.
Avqustun 16-da Agentliyin ofisində axtarış aparılmış, maliyyə fəaliyyəti ilə bağlı mühasibat sənədləri və elektron daşıyıcılar götürülmüşdü.
Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilmişdi. Bundan sonra Vergilər Nazirliyi məlumat yayaraq, jurnalistə qarşı ittihamı “vergi bəyannamələrində mənfəət barədə məlumatları təhrif etmək yolu ilə 2010-2016-cı illərdə dövlət büdcəsinə 60080 manat verginin ödənilməməsinə əsaslı şübhələrin olması” ilə əsaslandırmışdı.
Agentlik bildirir ki, onlara 2010-2016-cı illər üzrə deyilən məbləğdə əlavə vergi hesablanması barədə hansısa sənəd təqdim edilməyib.
Sentyabrın 11-də Mehman Əliyev prezident İlham Əliyevin hüquq-mühafizə orqanlarına tövsiyəsindən sonra azadlığa buraxılıb.
“Əvvəllər Lokal Vergilər Departamenti mayda agentliyə 2016-cı il üzrə 4 min manat əlavə vergi təyin edib. Amma “Turan” Agentliyinin inzibati şikayətindən sonra Vergilər Nazirliyinin yüksək instansiyası bu qərarı ləğv edib. Sonradan avqustun 7-də həmin departament 2016-cı il üzrə 9 min manat, 2014-2016-cı illər üzrə 37 min manat vergi təyin edib. Mehman Əliyev həbsdən azad ediləndən sonra Lokal Vergilər Departamenti Agentliyə qarşı cinayət işi başlanmasına səbəb olan bu qərarı ləğv edib.
Beləliklə, 2010-2016-cı illər üzrə əlavə vergi hesablanması barədə qərarın ləğv edilməsi ilə “Тuran”-a qarşı cinayət işinin hüquqi bazası qalmır” – agentliyin məlumatında qeyd olunur.