Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücünü hədələyən yol polisi ilə bağlı danışıb.
V.Əsədov qeyd edib ki, YPX əməkdaşı yanlışlıqla sürücüyə “Sənin başın partlayar” ifadəsini işlədib: “Bizim həmin əməkdaşımız, Elçin İsmayılov 4 dil bilir. Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilir. Sürücü 8 dəqiqə sənədlərini təqdim etmədiyi üçün əməkdaşımız ona demək istəyib ki, sənədlərinizi təqdim etməməyiniz sizin başınızı ağrıdar. Amma yanlışlıqla fikrini yanlış ifadə edib və “Sənin başın partlayar” deyib. Bunu bu dərəcədə böyütmək lazım deyil. Çox təəssüf edirəm ki, jurnalistlər bunu bu şəkildə birtərəfli işıqlandırıblar. İstəsəniz, mən həmin əməkdaşımıza hadisəni əvvəldən sona qədər ingilis dilində şərh etməsini də təşkil edə bilərəm. Yəni, aydın olsun ki, bu anlaşılmazlıq, sadəcə, çox dil bildiyi üçün fikrini ifadə etməkdə çətinlik çəkdiyindən yaranıb”.