Qafqazdan və Orta Asiyadan olan cinayətkar qruplaşmalar Ukraynanı doldurub. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyində olan mənbələrə istinadən “Vesti” xəbər verib.
Hüquq mühafizə orqanları gəlmə quldurların xüsusi qəddarlıqla fərqləndiyini qeyd edirlər. Ölkədə gəlmə cinayətkarların çoxluğunun səbəbləri arasında hüquq-mühafizə orqanlarında aparılan islahatlar göstərilir.
“İndiki axmaqlardan hətta yerli cinayətkarlar da ehtiyat edir. Onlar küçədə sadəcə kiminsə cibində min dollar olduğunu fərz edib vura bilərlər. Oğurluğa gəldikləri mənzilin sahibləri əgər soyğunçuluq vaxtı birdən təsadüfən orda olacaqlarsa danışıqlarsız onları öldürə bilərlər. Həmçinin ailə üzvlərinə uşaqlarının gözləri qarşısında işgəncə verə bilərlər”, – deyə Daxili İşlər Nazirliyinin veteranı “Kiyevin komissar Katanini” adlandırılan Valeri Kur bildirib.
Kurun sözlərinə görə, Gürcüstanda cinayətkarları sərt təqib etdiklərindən Ukrayna qastrolçuları ozünə cəlb edir. O, Ukrayna hüquq-mühafizə sistemi zəiflədiyini və cinayətkar qruplaşmaların öhdəsindən gələ bilmədiyini vurğulayıb. Qeyd edək ki, Ukraynanın daxili işlər naziri erməni əsilli Arsen Avakov, Ukrayna Milli Polisinin başçısı isə gürcüstanlı Xatiya Dekanoidzedir.
Məsələ barədə ANS PRESS-ə danışan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin birinci müavini Murad Cəfərov bildirib ki, Ukraynada azərbaycanlıların adının cinayət hadisələrində hallanması nadir hallarda baş verir.
“Burda yaşayan azərbaycanlılar əsasən ziyalı təbəqədə yer alan insanlardır. Onların əksəriyyəti Ukraynanın elit təbəqəsində yer alır. Əksər ziyalılarımız Ukrayna mədəniyyət və incəsənətinə töhfə vermiş insanlardır. Çox az hallarda azərbaycanlının adı cinayətdə hallana bilər, o da hansısa xırda bir məsələdə. Azərbaycanlıların qeyd olunan yazıda yer almasına inanmıram”, – deyə Murad Cəfərov bildirib.
Bir müddət əvvəl Ukraynanın paytaxtı Kiyevdə 4 azərbaycanlının avtomobil oğruluğuna görə tutulmasına rəsmi aydınlıq gətirilib. Mediada azərbaycanlılardan ibarət dəstənin maşın oğurluğuna görə tutulmaları barədə yayılan məlumatlar həqiqəti əks etdirməyib və bu xəbər təxribat xarakteri daşıyıb.
Xəbər yayılan kimi Ukrayna azərbaycanlıları diasporunun sədri Hikmət Cavadov və digər vəzifəli şəxs Şahin Qocayev cinayətkarların ad və soyadlarını müəyyənləşdirmək üçün dərhal Kiyev Şəhər Polis İdarəsinə müraciət ediblər. Araşdırmalar zamanı tutulan şəxslərin azərbaycanlılar yox, ermənilər olduğu ortaya çıxıb.