V.Hüqo “Parisdə bir insan öldürülürsə, bu bir cinayətdir, şərqdə…

saadet-cahangir-koseSəadət Cahangir

O hava limanında hər birimiz ola bilərdik. Ya da yaxınlarımızdan, doğmalarımızdan, əzizlərimizdən biri. Heç xəyal etmədiyimiz bir anda o qanlı terrorun qurbanları sırasına düşə bilərdik. Həyatımız ordaca bitər və ya qəlbimizi qoparan bir itkidən dünyamız yıxılardı. Kimsə sığortalanıbmı, dünyanı cənginə alıb gedən insan qatillərindən? Bu yaşadığımız ilin neçənci böyük terror aktıdır Türkiyədə? Neçə yüz insanı alıb apardı bu dəhşətli yanğınlar? Kim dayanıb bu qatilliyin  arxasında? Kim maliyyələşdirir, körükləyir, silahlandırır, himayə edir onları? Dünyada böyük oyunlar gedir. Bunu hər kəs görür və bilir. Amma nədən Türkiyə daim hədəfdə? Nədən dünya gücləri öz faciələrinə o qədər həşirçi, başqalarının faciəsinə  bu qədər səssiz və biganə, bilən varmı? Siyasətiniz gözünüzə girsin, bəlkə o oyun ssenariləri daşıyan qovluqlarınızı qoyasınız bir anlıq kənara. Bəlkə, bir anlıq bu çirkin oyunlar üzündən zülm çəkən insanları düşünəsiniz? Çevrənizə göz gəzdirib qan gölündə üzən məsumların halını görəsiniz. Heç olmasa, bircə günlük…Olmazmı yəni?

Yer üzündə hər gün minlərlə məsum insan bənzər oyunların qurbanı olur. Guya dünya gücləri bunu önləmək imkanında deyil? Guya böyük güclər istəsə, on illərdir bəşəriyyətə qan udduran qatil terror təşkilatlarını durdura bilməz? Sadəcə, istək yoxdur, anlaşılan. Görünən qorxunc gerçək bu ki, həmin o qanlı terror dəstələri artıq çoxdan böyük oyunların bir vintinə çevrilib. O vinti çıxarmaq hansı çirkin oyun planlarının pozulması demək olardı, kim bilir… Terror bəşəriyyətin bəlasıdır. Onu durdurmaq bir ölkənin gücü daxilində olmur çox halda. Çünki kökləri çox şaxələnmiş, uzanmış və dərinlərə işləmiş şəkildə durur qarşımızda on illərdir. Uzantılarından, tətikçilərindən, qidalandırıcılarından təcrid olunmalıdır hər şeydən öncə o. Günahsız insanları hədəf alan bu qanlı oyunun heç bir uzantısına haqq yeri yox. Terrordan ölən hər bir məsumun həyatına görə bütün dünya günah daşıyır. Şərqli qərbli, şimalı cənublu hamı. İyrənc siyasi oyunların, qəddar və yarıtmaz rejimlərin, qurdlar süfrəsindəki şəxsi çıxarların hesabını məsum insanlar ödəməməlidir. Ərdoğanı bəyənməmək bəhanəsi iki gündən bir o ölkədə onlarla məsumun canına qıymağa əsas verirsə, lənət o siyasətə və vicdansızlığa! Dünyanı qan gölünə çevirən o nəhəng ölkələrin başçıları süddən çıxmış ağ qaşıqdılarmı? Onların üzündən zülm çəkən, əzilən, qarışqa kimi qırılan canların babalı hara yazılacaq, bilən varmı? Hələ bizim kimi on illərdir mənəvi terrorla üz-üzə buraxılan xalqlara olan zülmü kənara qoyuram. Dünya okeanlarında üzən minlərlə köçkün uşaqların cəsədlərinə görə elə o böyük güclər günahkar deyilmi, yəni? Diktatorluq lənətdirsə, terrorçuluq nədir, Allah eşqinə?

“Parisdə bir insan öldürülürsə, bu bir cinayətdir, şərqdə 50 min insan boğazlanırsa, bu sadəcə, bir məsələdir” deyirdi dahi Viktor Hüqo. İnsanlığın yazıçısı sağ qalsaydı, bu qədər qütbləşmədən və qəddarlaşmadan dəhşətə gələrdi, yəqin ki. Bütün mərhəmət duyğularının ürəklərdən silindiyi, dəyərlərin öldüyü, zalımlığın beyinləri zəbt etdiyi dünyanın əsirliyində qalmışıq hamımız. Bu girdabdan qurtarmaq üç-beş adamın işi deyil. Ya dünya birlikdə yumruğunu vurub bu bəlanın başını dağıdacaq, ya da istəməsə belə, bütünlükdə bu cəhənnəmin içinə yuvarlanacaq. Çünki ilahi ədalət deyilən bir şey var. Parisdə biri öldürülən zaman haray qoparıb, İstanbulda  yüzü parçalanan zaman susanların hesabı dönər bir gün. Hökmən dönər!