“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında Prezidentin Fərmanında “Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin etsin;” bəndi aydın ifadə edir ki, heç nə dəyişmir. Yəni problem “qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin” əldə edilməsi prosedurunun çətin və ya sadə olmasında deyil, problem belə bir rəyin verilməsindədir”.
“Vətəndaş cəmiyyəti nümayəndələrinə “5-ci kalon” ritorikası ilə baxılmamalıdır.”
Bunu fikiri Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov prezidentin qrantların verilməsi zamanı “”Vahid pəncərə” prinsipinin tətbiq edilməsi haqqında” fərmannı şərh edərkən deyib.
Akif Qurbanov feysbuk səhifəsində qeyd edib:
“Nə fərqi var – rəy sadə prosedurla verilir, ya çətin?! Əsas odur ki, rəy məsələsi olmamalıdır. Yəni bu hakmiyyətə leqal imkan yaradır ki, arzulamadığı mövzu və təşkilatları – demokratiya və insan haqlarına dair qrantı məqsədəmüvafiq hesab etməyəcək və ona mənfi rəy verəcək hər zaman. Digər tərəfdən bu məsələləri tənzimləyən əsas üstün hüquqi sənəd “Qrant haqqında” qanundur. Qaydalar isə onun icrası ilə bağlıdır. İndi qanun dəyişmədiyi halda, mürtəce müddəalar mövcud olduğu halda necə vəziyyətin irəliləməsindən söhbət gedə bilər?!
Bu həm də bilirsiniz nəyə oxşayır: 2005-ci il Parlament seçkilərində Seçki Məcəlləsi hər bir məsələni tənzimlədiyi halda, Prezident demokratik seçki praktikasına dair 2 sərəncam verdi. Yaxşı xatırlayarsınız, 2005-ci il seçkiləri necə keçdi.
Əgər həqiqətən, vəziyyəti düzəltmək istəyirlərsə:
1. QHT qanunvericiliyi tamamilə dəyişməlidir.
2. Qrant haqqında qanun dəyişməlidir.
3. Birləşmə və toplaşma azadlığı təmin edilməlidir.
4. Vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı münasibətin özü dəyişməlidir:
– təzyiqlər aradan qaldırılmalı,
– ölkədən çıxışa qoyulan stop və biabırçı yoxlamalar aradan qaldırılmalıdır.
– dövlət başçısı başda olmaqla məmurlar onlara “5-ci kalon” ritorikası ilə yox, ölkənin problemlərinin həllində tərəfdaş kimi baxmalıdır.
… və s.
P.S. Bu davamlı manevrlərin 25 oktyabrda Astanada EITI Idarə Heyətinin Azərbaycanın statusunu müzakirə etməsi öncəsi gündəmə gətirilməsi, təəssüf ki, “vəziyyəti düzəldirik” blefindən başqa bir şey olmadığı qənaətini formalaşdırır”.
Qeyd edək ki, İlham Əliyev oktyabrın 21-də Azərbaycan ərazisində xarici qrantların verilməsi zamanı “”Vahid pəncərə” prinsipinin tətbiq edilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, bu qayda 1 yanvar 2017-ci il tarixindən etibarən qüvvəyə minəcək.
Fərmana görə, kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyi, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi əlaqələndirici dövlət orqanı təyin edilir. Nazirlər Kabinetinə qrantın verilməsinin mali-iqtisadi cəhətdən məqsədəuyğunluğu haqqında rəy verilməsi prosedurunu sadələşdirmək, onun həm xarici donorun, həm də alıcının müraciəti əsasında verilməsini təmin etmək tapşırılıb.
Hökumətə iki ay ərzində bu fərmanın həyata keçirilməsi üzrə təkliflər hazırlamaq tapşırılıb.