Vəkil: “Saxlanan insanlar yerdə yatır”

Sentyabrın 25-i vəkil Əsabəli Mustafayev son günlər saxlanan fəallarla görüşüb. Bu barədə vəkil özü məlumat yayıb.

«Bəhruz Həsənli, İlham Hüseynli, Saqif Qurbanov, Aqil Məhərrəmov, Emil Səlimov, Emil Maniyev və Nicat Nizamovla Binəqədidəki cəzaçəkmə müəssisəsində görüşdüm. Əhval-ruhiyyələri yüksəkdir, dostlara salamları var. İttiham həmişəki kimi qondarmadır. Fəallar hamısı həmin günü küçələrdə «söyüş söymək günlüyü» keçiriblər. Həmişəki kimi «təsadüfən» həmin ərazidə olan polis əməkdaşlarının bu hərəkətləri dayandırmaq barədə onlara verdikləri tələblərə fəallar həmişəki kimi əməl etməyiblər. Halbuki, bu şəxslərin demək olar ki, hamısı polis bölmələrinin çağırışı ilə oraya könüllü və sərbəst surətdə gediblər».

Vəkil deyib ki, gənclərin saxlanması ilə bağlı daxildə şikayətləri təmin edilməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədirlər. O, zarafatla vurğulayıb ki, Bəhruz Həsənli artıq bu məsələdə rekorda gedir:

«Onun bu işi Avropa İnsan Hüquqları Məhkəməsində dördüncü olacaq. Artıq iki iş üzrə qərar çıxıb və kompensasiya ödənilir. Üçüncü iş üzrə kommunikasiya yekunlaşıb və yaxın zamanlarda qərarın qəbulu gözlənilir. Belə ki, kim kimi cəzalandırılıb hələ məlum deyil».

Bununla belə, vəkil müəssisədə kameraların sıxlıqdan şikayətlənib:

«Binəqədidəki cəzaçəkmə müəssisəsində saxlanılanların hal-hazırda ən böyük problemi kameralardakı sıxlıqdır. İkinəfərlik kamerada 5, altınəfərlikdə 9 nəfər saxlanılır. İnsanlar yerdə yatmalı olurlar. Bu sıxlıq saxlanma şəraitinin digər amillərinə (qidalanma, sanitariya və sairə) mənfi təsir göstərir».

Vəkilin bu açıqlamasına Hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. (azadliq.org)