Vəkil: Hüquq-mühafizə orqanlarında sosial şəbəkələri izləyən işçilər var.

Fariz Namazlı Azərbaycanda siyasi proseslərə çıxan vəkillərdəndir. O, həbslərin geniş vüsət almasının digər səbəbi kimi son dövrlər hüquq-mühafizə orqanlarında sosial şəbəkələrin izlənməsi ilə bağlı əlavə ştatların açılmasını göstərir: images (12)

“Həmin şəxslər sosial şəbəkələrə nəzarət edir, tənqidi fikirlər səsləndirən insanların zərərsizləşdirilməsi, qorxudulması, çəkindirilməsi ilə məşğul olurlar”.

Zərərsizləşdirmənin yöntəmlərinə gəlincə, Fariz Namazlı bildirir ki, bu, həmin şəxsin yazdığı tənqidi fikirlərin səviyyəsindən asılıdır. Tənqid nə qədər sərt, davamlıdırsa, cəzası da bir o qədər ağır və operativ olur:

“Həmin şəxslərə qarşı cinayət işi açıla, polisin qanunu tələbinə məhəl qoymama səbəbi ilə inzibati həbs edilə bilərlər. Bütün bunların səbəbi hakimiyyətin tənqidi fikirlərdən ehtiyat etməsidir”.

Qanunsuz həbslər necə rəsmiləşdirilir? 

Vəkil bildirir ki, polis həmin şəxslərə qarşı inzibati icraata başlayanda bəzi sübutların əldə olunmasına çalışır. Həbs edilən şəxsə təzyiq göstərərək “Mən bu inzibati xətanı törətmişəm, boynuma alıram. Küçədə söyüş söymüşəm, polisə məhəl qoymamışam”, – tipli izahat yazdırırlar. Həmin protokola istinadən də qərar çıxır:

“Hətta şəxs məhkəmədə söyüş söymədiyini, tənqidi statuslarına görə həbs edildiyini desə belə, hakimlər onlara sutkalıq həbslər və ya inzibati cəzalar verirlər. Həmin adam izahatının sonunda “əməlimə peşmanam”, – yazır.  Peşmandırsa, 535-ci maddə üzrə 30 günlük inzibati həbs və ya 200 mantalıq cərimə edilə bilər. Məhkəmələr adətən maksimumu, 30 günlük həbsi seçirlər. Bu da məhkəmə qərarlarının əsassız olduğunun göstəricisidir”.

Məhkəmələrdə çıxış edən “hal şahidləri” 

Vəkil siyasi proseslərdə eyni hal şahidlərinin iştirakına da toxundu. Deyir, inzibati həbslərdə daha çox Post Patrul Xidmətinin və ya müvafiq polis qurumlarının əməkdaşları şahidlik edirlər:

“Guya xidmət apardıqları yerdə küçədə kiminsə söyüş söyməsini görüb, yaxınlaşıblar. Həmin şəxs isə polisin əmrinə tabe olmayıb və s. Adətən şahidlər ayrı-ayrı şəxslər yox, polis əməkdaşları olur. Bu da işin qurulduğuna sübutdur”.