Türkiyədə çevriliş cəhdindən sonra 6000 nəfər həbs edilib

Türkiyədə baş tutmayan hərbi çevriliş cəhdindən sonra 6000 nəfər həbs edilib, ədliyyə naziri Bekir Bozdağ deyib.

“Təmizləmə əməliyyatları davam edir,” o dövlət mediasına bildirib.

O əlavə edib ki, həbs edilənlərin sayı arta bilər.

Eyni zamanda, yüksək rütbəli hərbçilərin də saxlanılması davam edir.

Bazar günü səhəri Denizlidə briqada komandiri və 50-dən çox əsgər həbs edilib, Türkiyə mediası bildirir.

Cümə günü gecəsi bir qrup hərbçi İstanbulda əsas körpülərdə nəzarəti ələ keçirərək çevriliş etdiyini açıqlayıb. Hadisə nəticəsində azı 265 nəfər həyatını itirib.

İndiyə kimi 3 mindən çox əsgər saxlanılıb və 2700-dən çox hakim işdən çıxarılıb.

Türkiyə hadisəyə görə, ABŞ-da yaşayan ruhani Fətullah Güleni ittiham edib. Həmçinin Türkiyənin Əmək naziri çevriliş cəhdinin arxasında ABŞ-ın durduğunu açıqlayıb. Bundan sonra ABŞ belə ittihamların Türkiyə ilə münasibətlərə zərər gətirəcəyi barədə xəbərdarlıq edib.

Denizli qarnizonunun və 11-ci Komanda Briqadasının komandiri, general-mayor Özhan Özbakır həbs edilənlər arasındadır, Anadolu agentliyi bildirib.

Digər saxlanılan yüksək rütbəli hərbçilər Üçüncü Ordu generalı Erdal Özturk, İkinci Ordu generalı Adem Huduti və keçmiş Hava Qüvvələri şefi Akin Özturkdür.

Türkiyə, həmçinin Yunanıstana qaçmış 8 hərbçinin ekstradisiyasını istəyib.

Şənbə günü Türkiyənin yüksək rütbəli hakimi Alparslan Altan saxlanılıb. Gecə vaxtı isə Konya şəhərində 44 hakim və prokuror, Qaziantepdə isə 92 nəfər həbs edilib, Doğan xəbər agentliyi bildirib.