Avropa Parlamenti Türkiyə vətəndaşları üçün vizasız rejimin tətbiq olunması məsələsinin nəzərdən keçirilməsini dayandırıb. Avropa Parlamentinin sədri Martin Şultz deyib ki, Ankara bu razılaşmanın əldə olunması üçün müəyyən edilmiş 72 meyarın hamısına əməl etməlidir.
Avropa Parlamentinin ekspertlərinin verdiyi məlumata görə, Türkiyə sözügedən 72 tələbdən 5-nə əməl etməyib. Onlardan biri xüsusilə prinsipial hesab olunur.
Avropa parlamentarilərinin fikrincə, Ankaraantiterror qanunvericiliyində yumşaltmaya getməlidir. Ancaq Türkiyənin pezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqından olan tərəfdaşların tələblərini rədd edib və deyib ki, Ankara qeyri-qanuni gəlmiş qaçqınları Yunanıstandan qəbul etməyəcək.
Türk həmkarları ilə videokonfrans keçirən Avropa Komissiyasının nümayəndələri bildiriblər ki, türklər hələ ki, qaçqınların qəbul edilməsi ilə bağlı razılaşmaya əməl edirlər.
Onlar həmçinin narahatlıqla qeyd ediblər ki, Türkiyəyə münasibətdə vizasız rejimin tətbiq olunmalı olduğu vaxta, yəni iyunun sonuna qədər mübahisəli məsələlərin həll olunması ehtimalı azdır.
Avropa Parlamentinin üzvləri Türkiyəyə vizasız rejimin verilməsi barədə fikirlərini Avropa Komissiyasına bildiirblər. İndi Avropa Komissiyası Türkiyə rəhbərliyini inandırmağa çalışmalıdır.
Qeyd edək ki, mayın əvvəlində Türkiyə AB üzvü olan 28 ölkənin hamısına vizasız rejim tətbiq edib və bununla viza məsələsinin liberallaşdırılmasına dair razılaşmanın şərtlərindən birini yerinə yetirib.