Özünə qeyri-qanuni yolla biznes quran Tovuz rayonununun icra başçısı general qardaşı Ramiz Zeynalova arxalanır.
Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayon sakini, Tovuz-Böyük Qışlaq yolunun 21-ci km-liyində yerləşən “Yurd Yeri” Ailəvi İstirahət Mərkəzinin və bir neçə digər kafe-restoranın sahibi Niyaz Məmmədov Hümbət oğlu açıq müraciətlə mətbuata üz tutaraq Tovuz rayonunun icra başçısı Tofiq Zeynalovun qardaşı Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalova arxalanaraq rayonda sahibkarları sıxışdırmasıyla bağlı məlumat verir.
Müraciətdə N.Məmmədov 2012-ci ildən və ondan əvvəlki dövrlərdən vergi orqanlarının və icra hakimiyyətinin yersiz yoxlamalarına məruz qaldığını bildirmiş, bununla bağlı dəfələrlə Mərkəzi orqanlara müraciət etmiş, o cümlədən T.Zeynalovun qanunsuz əməllərindən prezident Aparatına məktub ünvanladığını qeyd etmişdir.
Müraciətə əsasən N.Məmmədov 10-ilə yaxın bir müddətdə sahibi olduğu və ata-baba mülkü olan “Yurd yeri” istirahət mərkəzinin fəaliyyətinin məhdudlaşdırılmasıyla üz-üzə qaldığını və İcra başçısının qeyri-qanuni özünə biznes obyekti qurduğundan bu vəziyyətin yaranmasını qeyd etmişdir. Müraciətdə qeyd olunur ki, Tofiq Zeynalovun qayda-qanuna məhəl qoymayaraq sahibkarlara zülm etməsi qardaşı Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun hakimiyyətdə qurduğu “ailə biznesilə” bağlıdır. Buna görə də sahibkar Azərbaycanın hüquq-mühafizə orqanlarının, xüsusilə Daxili İşlər Nazirliyinin məsələylə bağlı hər hansı obyektiv addım atmayacağını bildirir. Çünki general Ramiz Zeynalova qarşı addım atmağa cəsarət edə bilməz.
Ötən dəfəki müraciətindən fərqli olaraq Niyaz Məmmədov bu dəfə hərbi-hissəyə gedən yolun kəsilməsini və 3km-lik yolun 17 km-ə qədər uzanmasını bildirir. Sahibkar bunun gələcəkdə hərbi əməliyyatlar zamanı Azərbaycanın əleyhinə işləməsini və hərbi hissəylə əlaqənin 5 dəfə çətinləşməsi məsələni qabardaraq mərhum atası Məmmədov Hümmətin burada vətənpərvərlik və qəhrəmanlıq göstərdiyini qeyd edir.
M.Niyazın müraciətində diqqətçəkən bir məqamda Müdafiə Nazirliyinin yüksək vəzifəlilərinin, xüsusilə general Rövşən Əkbərovun da hərbi-hissənin yolunun kəsilməsində rolu olduğu bildirilir. Şikayətçı bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə şikayət-teleqram vurduğunu bildirsə də, hər hansı nəticənin olmadığını bildirir.
Sahibkarın müraciətinə görə etdiyi hər bir şikayətə görə özü daha çox təzyiqə məruz qalır. Belə ki, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov vəzifəsindən sui istifadə edərək “Yurd yeri” obyektinə yaxın yerdə özü üçün İstirahət Mərkəzi-restoran tikməyə başlamışdır. İcra başçısı Tofiq Zeynalov daha sonra M.Niyazın obyektini pulla almaq üçün müxtəlif adamlardan (kriminal şəxslər, müxtəlif vəzifə sahibləri, sürücüsü, rayonun rəisi, prokuroru və s.) təkliflər göndərsə də, Niyaz bu yeri satmaq fikrində olmadığını bildirdi. Bundan sonra T.Zeynalov öz restoranında tikinti-abadlıq işləri adıyla buraya texnika cəlb edərək M.Niyazın obyektinin yolunu, bulağını uçurtmuş və M.Niyaza məxsus İstirahət Mərkəzinə gediş-gəlişi kəsmiş, “Yurd yeri” obyektini tamamilə yarasız vəziyyətə salmışdır.
Heç bir yerdə hüququnun tanınmadığını bildirən M.Niyaz Azərbaycan Respublikasının Mərkəzi orqanlarına – Prezident Aparatına, müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə şikayət xarakterli teleqram vurduğunu qeyd edir, elə bundan sonra da hakimiyyətdə təmsil olunan bu qohum-tayfa birliyi Niyazın normal yaşayışının üstündən xətt çəkdiyini və artıq əlacsız qaldığını bildirir.
Sahibkar Məmmədov Niyaz bütün vəzifə sahiblərini, mətbuatı və insan hüquqlarıyla məşğul olan insanları ona kömək etməyə və yardım etməyə çağırır. Bildirir ki, mülkiyyət hüququnu qorumaq təkcə onun yox həm də hökumətin vəzifəsidir. Lakin, indi artıq mülkiyyətin deyil, özünün də taleyi sual altındadır. Çünki, güclü vəzifə sahibləri onun fiziki mövcudluğuna da təhlükə yarada bilərlər.