«The New York Times» qəzeti yazır ki, bu..

terrorİndi İŞİD qruplaşmasıyla savaş qaçılmaz olacaq; Moskvanın Türkiyəylə münasibətlərdə buzun əriməsində öz maraqları var – 29 iyun Qərb mediasının icmalı.

İstanbul aeroportunda azı 36 nəfərin ölümüylə nəticələnmiş hücum dünya mediasının diqqət mərkəzindədir. «The New York Times» qəzeti yazır ki, bu, Brüssel aeroportunda aylar öncə törədilmiş hücumları yada saldı, təhlükəsizlik əməkdaşlarının terror hücumları itkilərini minimuma endirməkdən ötrü üzləşdikləri çətin paradoksal durumu ortaya çıxardı. Brüsseldə hücumçular terminalın içinə girə bilmiş, partlayıcıları işə salmışdılar. İstanbulda isə birinci təhlükəsizlik yoxlaması terminalın girişində yerləşir. Adamlar orada növbəyə durur və bu hadisə də göstərdi ki, hücumçular buranı da asanlıqla hədəfə ala bilər.

Cənubi Afrikaya gedən Judith Favish deyir ki, partlayış anında uçuşa qeydiyyatdan keçirmiş. «Masanın altına keçdim, gizləndim, sonra kimsə qışqırdı ki, qaçaq, mən də qaçıb kafeteriyaya girdim. Orada bir saat gözlədik, sonra dedilər çıxaq. Amma başqa məlumat verən olmadı. Paltarımız, telefonumuz, pulumuz, heç nəyimiz yoxdur. Ailəmə də zəng etməmişəm, heç kəs heç nə demir», – o, terminalın qarşısında müxbirə danışıb

Hücuma görə məsuliyyəti üzərinə götürən olmasa da, indilik nəzərlər «İslam Dövləti» (İŞİD) qruplaşmasına yönəlib. Qruplaşmanın onlayn təbliğatını izləyən təhlilçi Michael S.Smith II deyir ki, ABŞ Türkiyənin İncirlik hava bazasına çıxış əldə edəndən sonra İŞİD-in Türkiyəylə bağlı bəyanatları çoxalıb.

«Türkiyədə törədilən hücumların çoxuna görə rəsmilər İŞİD-in məsuliyyət daşıdığını deyir. Ancaq son bir ildə qruplaşma təbliğatında Erdoğan hökumətinin siyasətinə çox diqqət ayırıb və onun Türkiyə ərazisində terror əməliyyatlarını genişləndirəcəyi gözləntiləri də yüksəlib».

Qəzet yazır ki, İstanbul hücumunun Türkiyəylə İsrailin diplomatik münasibətləri bərpasına cavab olduğunu düşünənlər də var. Tanınmış köşə yazarı Mustafa Akyol iyunun 28-də axşam Twitter-də yazıb ki, «bu hücumun Türkiyə-İsrail sazişindən dərhal sonra baş verməsi təsadüf ola bilməz».

Amma digər təhlilçilər vurğulayırlar ki, bir neçə canlı bombanın iştirak etdiyi hücumlara hazırlıq, adətən, çox çəkir.

«Təəssüf ki, fəlakətli Suriya siyasətinin əks-təsirlərini görməkdəyik, terrorçuluq düz İstanbulun və Ankaranın ürəyinəcən gəlib çıxıb. Aydındır ki, məqsəd xaos yaratmaq, iqtisadiyyata və turizmə ziyan vurmaqdır», – bunu isə keçmiş millət vəkili Suat Kınıklıoğlu deyir.

«İŞİD həqiqətən də bu hücumun arxasındadırsa, bu, həmin silahlı qruplaşmanın Türkiyəyə qarşı mövqeyini sərtləşdirdiyini göstərir», – bunu isə Vaşinqton İnstitutunun Türkiyə Tədqiqat Proqramının direktoru Söner Çağaptay «The Washington Post» qəzetinə deyib. Təhlilçinin fikrincə, bu hücum Türkiyəni cihadçı qruplaşmaya daha artıq savaşa çəkəcək.

«Bu, Türkiyənin ürəyinə simvolik hücumdur», – deyən təhlilçi diqqəti ona çəkir ki, Atatürk aeroportu ölkənin rəsmi hava şirkəti olan «Türk Hava Yolları»nın əsas qovşağıdır. «İndi İŞİD-lə savaş qaçılmaz olacaq», – Çağaptay söyləyib.