“The Guardian” yazır ki, ABŞ-da Demokratik Partiyanın Milli Komitəsinin elektron poçtuna haker hücumunun Kreml tətəfindən həyata keçirildiyinə dair iddialar heç vaxt sübuta yetirilməyə bilər, lakin Donald Trump-ın prezidentlik kampaniyasına Moskvadan ən azı müəyyən dəstək verilməsinin aşkar sübutları vardır.
Məqalədə deyilir ki, bu dəstək heç də həmişə sakit tərzdə verilmir. Məsələn dekabr ayında, hələ Trump respublikaçıların rəsmi namizədi olmazdan aylarca əvvəl Putin onu “rəngarəng, heç şübhəsiz istedadlı adam” adlandırmışdı.
“Onun xüsusiyyətlərini müzakirə etmək bizim işimiz deyildir, lakin o prezidentlik yarışında şübhəsiz liderdir” – demişdi Putin.
Bunun qarşılığında Trump Putini “güclü lider” adlandırmış və onunla “yaxşı münasibətlər quracağını vəd etmişdi”.
“The Guardian” yazır ki, ötən həftə Dumanın xarici əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov belə bir tvit yazmışdı: “Clinton-un kredosu ABŞ-ın müttəfiqlərini Rusiyaya qarşı səfərbər etməkdir, Trump-ın kredosu isə yalnız real təhlükələrə reaksiya vermək. Sağlam düşüncəyə qarşı bayağı təcavüzkarlıq”.
Məqalədə deyilir ki, Rusiyanın dövlət mediası, oğlunun dediyinə görə özünün mülkiyyət layihələrində Rusiya puluna güvənən Trump-a çox rəğbətlə yanaşır.
Sibir namizədi
“The Guardian” yazır ki, respublikaçıların namizədi Trump-ın yaxın çevrəsində Rusiyanın maraqlarını yürüdən iki nəfərin olduğu məlumdur.
Məsələn, Trump kampaniyasının rəhbəri Paul Manafort əvvəllər keçmiş Ukrayna prezidenti və Putinin müttəfiqi Viktor Yanukoviçin müşaviri olub.
Trump-ın xarici məsələlər üzrə müşaviri Carter Page isə uzun müddət Rusiyanın enerji nəhəngi Gazprom-la maliyyə bağlarına malik olub.
“The Guardian” yazır ki, bundan əlavə Trump-ın özünün bir çox bəyanatları Rusiyanın maraqlarlına çox uyğun şəkildə səslənib.
Söhbət xüsusilə də Trump-ın NATO-nun əsas prinsiplərindən olan 5-ci maddəyə münasibətindən gedir. Onun fikrincə, NATO, üzv ölkəyə hücum olarsa, onu yalnız həmin ölkə üzvlük haqqını veribsə müdafiə etməlidir.
Trump həmçinin deyib ki, Rusiyaya qarşı Ukraynanın dəstəklənməsinə dair müddəa Respublikaçılar Partiyasının manifestindən çıxarılmalıdır.
“The Guardian” yazır ki, Clinton düşərgəsində kampaniya meneceri Robby Mook ABC proqramına Milli Komitənin emaillərinin Trump-a kömək etmək üçün Rusiya tərəfindən sızdırıldığını söyləyib.
O deyib ki, ötən həftə məhz bundan faydalanan Donald Trump Respublikaçılar Partiyasının platformasını daha rusiyapərəst etməyə çalışıb.
Məqalədə deyilir ki, burada ən çətin sual bu köməyin və Trump-ın seçilməsi üçün gizli Kreml qəsdinin miqyası, Trump-ın əslində Sibir namizədi olub-olmaması barədədir.
Rusiya Trump-ı maliyyələşdirirmi?
“The Guardian” iddia edir ki, Trump-ın özü tərəfindən maliyyələşdirilən kampaniyası üçün nə qədər pulun Moskvadan gəlməsini söyləmək üçün bütün vergi sənədlərinin açıqlanması mühümdür.
Məqalədə deyilir ki, Demokratik Partiyanın Milli Komitəsinin emaillərinin məhz Rusiya tərəfindən hücuma məruz qalması isbat olunarsa, burada söhbət artıq casusluqdan yox, həm də başqa ölkədəki siyasi proseslərə müdaxilədən gedəcək.
“The Guardian” yazır ki, Moskvanın Avropada Fransanın Marine Le Pen-indən tutmuş İtaliyada Silvio Berlusconi kimi davakar liderlərə dəstəyinin tarixçəsi mövcuddur.
Rusiyanın dövlət mediası Birləşmiş Krallıqda Brexiti təbliğ edib, Rusiya pulları Yunanıstan və Macarıstanın ifrat sağçılarına axıb.
Məqalədə deyilir ki, bütün bunlara baxmayaraq, Moskvanın müdaxiləsi mütəşəkkil qəsddən daha çox, fürsətçiliyə bənzəyir.
İndi eyni modeldən ən böyük siyasi mükafat – ABŞ prezidentliyi yarışında istifadə edilir.