Dünyanın ən nüfuzlu jurnallarından olan «The Economist»də Azərbaycanda olan mövcud vəziyyəti əks etdirən məqalə dərc edilib.
«Gələcəyin Bakısı» adlı məqalədə «Formula 1»in Azərbaycandan ötrü şan-şöhrət layihəsi olduğu vurğulanır.
«Gələn ay Bakıda keçiriləcək «Formula 1» yarışlarında sürət maşınları Bakının gözqamaşdıran mərkəzindən, beşulduzlu otellərin, bahalı «Brioni» və «Chopard» mağazalarının yanından şütüyəcək. Bu maşınlar ölkənin daha az işıqsaçan dayanıqsız iqtisadiyyatı, despotik siyasi sistemi və Dağlıq Qarabağ münaqişəsinin də yaxınlığından ötüb keçəcək. Axı belə bir sürət bu keçmiş sovet respublikasında qeyri-təhlükəsizliyin əlamətlərini aşkarlamağa imkan vermir», – deyə «The Economist» yazır.
Məqalədə deyilir ki, 2003-2015-ci illərdə neft və qaz gəlirləri 119 milyard dollar olub və bu pul infrastruktura, silahlara, mənasız layihələrə xərclənib. Pulun bir hissəsi ölkənin güclü şəxslərinin ofşor hesablarına axıb. “Ancaq neft ucuzlaşınca, musiqinin də səsi kəsildi. İndi Bakıda taksi sürücüləri də qiymətlərin qalxmasından, Qran-pri yarışlarına boş məsrəflərdən gileylənirlər”, – deyə yazıda qeyd olunur.
«Ölkə iqtisadiyyatının böyük hissəsinə nəzarət edən siyasi klanların da yerləri silkələnib. Postunu atasından alan avtoritar prezident İlham Əliyev indiyədək Qərbin neft və qaz layihələrinə söykənib. Ancaq indi ölkəsini daha da müasirləşdirmək, yoxsa diktaturaya sürükləmək arasında seçim etməlidir», – deyə jurnal yazır.
Məqalədə vurğulanır ki, 2014-cü ildə Kiyevdə Maydan hərəkatından sonra Azərbaycan Rusiyanın repressiv taktikasını təkrarladı. Lakin Rusiyanın Krımı ilhaqı etməsi Əliyevi də əndişələndirdi. İndi Əliyev Qərblə münasibətlərinin bərpasına çalışır. Vaşinqton səfərindən öncə 10-dan çox siyasi məhbusu azadlığa buraxdı. Amma iki tanınmış məhbus, ReAL Hərəkatının lideri İlqar Məmmədov və araşdırmaçı-jurnalist Xədicə İsmayılova həbsdə saxlandı.
«Azərbaycan illərdir iqtisadiyyatını şaxələndirməkdən danışır. İndi bu «boş ritorika» reallığa çevrilməkdədir, – bir Qərb diplomatı belə deyir. İslahatlar modeli kimi Malayziya qəbul olunur. Elita inanır ki, siyasi sistemə toxunmadan iqtisadi islahatları idxal edə bilər. Bakı küçələrinə London taksilərini də belə gətirdilər, Birinci ledinin sevimli restoranı isə aşpazı, çəngəl-bıçağı, hər şeyi ilə birlikdə Marbelyadan (İspaniyanın cənubundan şəhər – red.) gətirilib», – deyə «The Economist» yazır.
Yazıda qeyd olunur ki, Azərbaycanda islahatları həyata keçirəcək bürokratik sistem olmasa da, parlaq Qərb təhsilli gənclər var.
Dərgi Azərbaycan Diplomatik Akademiyasını “yeni elitanın təlim düşərgəsi” adlandırır. Yazır ki, burada dərslər ingiliscədir, əsas heyət də xaricilərdir. Rektoru, birinci ledinin 75 yaşlı əmisi Hafiz Paşayevin sözlərincə, missiyaları «tələbələrin azad düşünə biləcəyi özəl mühit yaratmaqdır».
«Keçmiş sovet fiziki olan cənab Paşayev inanır ki, ADA məzunları sonucda daha çox səlahiyyət naminə indiki elitanı sıxışdıracaq. 1980-ci illərdə sovet intelligensiyası da belə etmişdi. Paşayev ölkənin ən güclü ailələrindən birinin üzvüdür, elitanın Gürcüstan və Ukraynadakı kimi radikal formada deyil, idarəolunan şəkildə əvəzlənəcəyinə ümid edir. Klan mənşəli avtokratiyanın belə bir modernləşdirmə proqramını uğurla reallaşdıracağı şübhə doğurur, ancaq millətçilik də güclü motivatordur. Cənab Paşayev iddialı şəkildə deyir ki, «məqsədimiz ölkəni dünyada aparıcı mövqeyə çıxarmaqdır». Ola bilsin, ADA bu yöndə uğur qazansın. Ancaq neft quyuları və sürət maşınlarının bol olduğu bir ölkədə rüşvətxorluq və korrupsiyaya meyllilik də güclüdür», – deyə «The Economist» yazır.