«The Diplomat»: «İlham Əliyevin fərqli fikirli adamlara dözümü yoxdur – nə siyasətdə, nə də media sahəsində…»
«Azərbaycan hakimiyyəti heç səsvermə keçirilməmiş, bir gün əvvəldən seçkinin nəticələrini təsadüfən yayan yeganə hakimiyyətdir»
Azərbaycandakı vəziyyət Avropa, Amerika mediası ilə yanaşı, artıq Yaponiya jurnalistlərinin də diqqətini cəlb edib. Yaponiyanın “The Diplomat” qəzeti Azərbaycanda onilliklərdir Əliyevlər hakimiyyətinin hökm sürməsi, ölkədə vətəndaş cəmiyyətinə qarşı repressiyalar, seçkilərin saxtalaşdırılması və s. problemlərdən bəhs edən geniş məqalə yayımlayıb. Müəllif “Azərbaycanla Mərkəzi Asiyanın ümumi cəhətləri nədir?” başlıqlı məqalədə Ilham Əliyevlə Mərkəzi Asiya ölkələrinin diktatorları arasındakı oxşarlıqlardan, həmçinin bu dövlətləri eyniləşdirən enerji maraqlarından yazıb. Məqalənin tərcüməsini təqdim edirik:
Eyni tipli idarəçilik və enerji maraqları Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən amilə çevrilib. Baxmayaraq ki, Azərbaycan Qafqazda yerləşir, bu ölkənin Mərkəzi Asiya dövlətlərilə eynilik təşkil etdiyini görməmək mümkün deyil.
Məsələn, Azərbaycanın əhalisinin tərkibinə baxın. Qafqazdakı qonşularından fərqli olaraq, Azərbaycanda təxminən 10 milyonluq əhalinin böyük əksəriyyəti müsəlman türklərindən ibarətdir. Idarəçilik baxımından da Azərbaycan Cənubi Qafqaz qonşularından – Ermənistandakı yarım-avtoritar bürokratiya və ya Gürcüstandakı formalaşmaqda olan demokratiyadansa, Mərkəzi Asiya ölkələrindəki kleptokratiyaya daha çox uyğun gəlir. Azərbaycan hökumətinin lobbiçiləri onu Qərbə dünyəvi hökumət kimi təqdim etməyə çalışır. Bu ölkəni bir neçə onilliklərdir idarə edən Əliyevlər klanı hər keçən seçkidəki faiz göstəricisi ilə öz hakimiyyətini möhkəmləndirməyə çalışır. Yeri gəlmişkən, Mərkəzi Asiyadakı ölkələrdən fərqli olaraq, Azərbaycan hakimiyyəti hələ heç səsvermə başlamamış, bir gün əvvəldən seçkinin nəticələrini təsadüfən yayan yeganə hakimiyyətdir. Daşkənddəki, Astanadakı həmkarları kimi, prezident Ilham Əliyevin də fərqli fikirli adamlara dözümü yoxdur – istər siyasi, istərsə də media sahəsində. Əslində, vətəndaş cəmiyyətilə “haqq-hesab çəkmək” baxımından Əliyev Mərkəzi Asiyadakı bir sıra həmkarlarını da geridə qoyub. Hazırda Azərbaycandakı siyasi məhbusların sayı Rusiya və Belarusdakıların birlikdə ümumi sayından iki dəfə çoxdur.
Qazaxıstan, Azərbaycan kimi bir çox ölkələr özlərinin xarici siyasətləri çərçivəsində multi-vektorizm formulundan istifadə edir. Azərbaycan Qırğızıstan və ya Tacikistan kimi maliyyə resursları baxımından Rusiyadan birbaşa asılı olmasa da, bu ölkə ilə isti münasibətləri qoruyub saxlayır, hər ikisi avtoritar olmaqla yanaşı, həm də Kreml və Bakı rejimləri arasında getdikcə böyüyən silah ticarəti var.
Azərbaycanın Çinlə əlaqələri Türkmənistan, Qazaxıstan qədər olmasa da, Pekinlə əməkdaşlıq çərçivəsində Ipək yolu layihəsini inkişaf etdirməyə çalışır. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya ölkələrindən fərqli olaraq, Iranla münasibətləri sərindir. Onu da nəzərə almaq lazımdır ki, Iranda daim narahatlıq içində olan etnik azərbaycanlılar var. Uzun illər ərzində Azərbaycanla Brüssel və Vaşinqton arasında formalaşmış əlaqələr mövcuddur. Bu əlaqələrin böyük bir hissəsi pərdəarxası korrupsiya və lobbi fəaliyyətinə söykənir. Bütün bunların da kökündə qarşılıqlı enerji maraqları dayanır.
Azərbaycanın zəngin enerji resursları var ki, bu da onu Mərkəzi Asiya dövlətləri ilə eyniləşdirən əsas amillərdən biridir. Astana, Aşqabad kimi, Azərbaycanın da ixracının 90 faizindən çoxu neft və neft məhsullarının payına düşür. Mərkəzi Asiyadakı bənzər dövlətlərdən fərqli olaraq, Azərbaycan neft-qaz resurslarını Qərb bazarına çıxarıb. Təxminən on il əvvəl Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsilə Rusiyadan keçən kəmərlərdən imtina edərək, Xəzərin neftini Qərb bazarına çıxardı. Yaxın gələcəkdə hasilat və ixracat arta bilər. Azərbaycan 2019-cu ilə qədər tikilib başa çatdırılması nəzərdə tutulan Trans-Anadolu qaz kəməri vasitəsilə Qərb istehlakçılarını daha çox qazla təchiz edə bilər.
Qazaxıstan və Türkmənistan Trans-Xəzər qaz kəmərinin çəkilməsində iştiraka hazırdır. Lakin Moskva əlindəki bütün imkanlardan istifadə edərək, bunun qarşısını almağa çalışır, çünki Rusiyadan kənar xətlərin çəkilməsində maraqlı deyil. Ona görə də uzun illərdir ki, Trans-Xəzər xətti kağız üzərində qalıb. Rusiya davamlı şəkildə ekoloji problemlər yaratmaqla, Xəzərin qeyri-müəyyən statusu ilə bağlı məsələləri ortaya atmaqla, bu kəmərlə bağlı istənilən potensial irəliləyişin qarşısını alır.
Bakı ilə Aşqabad arasında gərginliyin aradan qalxmasına kömək etmiş Trans-Xəzər layihəsi Iranla Qərb arasında əlaqələrin istiləşməsilə sıradan çıxa bilər. Rusiya Xəzər dənizində olan hərbi hegemonluğundan imtina etmək niyyətində olmadığını açıq-aşkar göstərir. Belə görünür ki, Bakı Mərkəzi Asiya ölkələrinə Qərbə çıxış məsələsində köməyini davam etdirməyə çalışır. Türkmənistan enerji daşıyıcılarını satmaq məsələsində yalnız Pekinə ümid etdiyi bir vaxtda Bakı Rusiyanın qaz sahəsində monopolist rolunu neytrallaşdırmaq, Avropanın ondan asılılığını azaltmaq məsələsində Brüsselin səylərini alqışlayır. Bu səylərin uğurla nəticələnməsi Bakıya öz qazını Avropaya çıxarmağa imkan verəcək.
Mətləb BALAKİŞİYEV