“Ümumi tarix” dərsliyinin rusca versiyasında verilmiş qalmaqallı xəritə son günlərin əsas müzakirə mövzusudir. AMEA-nın Tarix İnstitutu Elmi Şurası bununla bağlı kifayət qədərsərt bəyanat verib. Bəyanatda üstüörtülü formada olsa da saxta xəritənin dərsliyə düşməsində Təhsil Nazirliyi də günahlandırılıb. Bununla bağlı fikirlərə Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdiri Elvin Rüstəmov cavab verib. Müsahibəsini təqdim edir.
– 10-cu sinif “Ümumi tarix” dərsliyinin layihəsinə AMEA Tarix İnstitutundan rəy alınıbmı?
– Həmin dərsliyin layihəsi digər dərsliklər kimi, mart ayından ictimai rəyin öyrənilməsi məqsədilə Nazirliyin saytında yerləşdirilib. Əlaqədar qurumlara, o cümlədən, Tarix İnstitutuna Nazirlik aprel ayında rəsmən müraciət edərək həmin layihəyə dair irad və təkliflərini bildirməyi xahiş edib. İki aydan sonra Tarix İnstitutundan “Ümumi tarix” dərslik layihəsi barədə Nazirliyə 20 səhifəlik rəy daxil olub. Rəy nəzərə alınmaq üçün nəşriyyata və müəlliflərə yönləndirilib. Hər bir irada fərdi olaraq müəlliflər öz münasibətini bildirib, ya iradı qəbul edib, ya da ki, imtina səbəblərini göstəriblər.
Həmin sənəd Tarix İnstitutuna da göndərilib. Xüsusi olaraq qeyd etmək istərdim ki, Tarix İnstitutunun rəyində dərsliyin 32-ci səhifəsində yerləşdirilən xəritə ilə bağlı heç bir irad və ya təklif verilməyib.
– Nazirlik Tarix İnstitutu ilə dərslik hazırlığı sahəsində əməkdaşlığı davam etdirəcəkmi?
– Əlbəttə. Deməliyəm ki, bu cür əməkdaşlıq həmişə olub və olacaq. Məsələn, baxmayaraq ki, Elmi Şuranın bəyanatında ekspertlərin təcrübəsi və səriştəsi sual altına alınır, nazirliyin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurasının tarix üzrə məsul üzvü həm də AMEA Tarix İnstitutunun Elmi Şurasının üzvüdür. Bundan əlavə, nazirlik bu yaxınlarda AMEA-nın rəhbərliyinə rəsmən müraciət edərək müxtəlif fənlər üzrə ekspert qruplarına daxil edilmək üçün bitərəfliyi gözləməklə akademiyanın elmi-tətqiqat institutlarından namizədlərin verilməsini xahiş edib. İnanırıq ki, AMEA ilə Təhsil Nazirliyi arasında formalaşmış əməkdaşlıq sayəsində dərsliklərin keyfiyyətinin yüksəldilməsinə nail olacağıq.