Taliban hakimiyyəti ələ keçirəndən bir ay sonra əfqan qadınlar necə yaşayırlar?

Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdiyi günlərdə vəd etmişdi ki, “islam dəyərləri çərçivəsində” qadınlara münasibətini yumşaldacaq, onlara işləməyə və oxumağa icazə verəcək. Ancaq hələ ki, bu vəd yerinə yetirilməyib.

BBC Ruscaya danışan əfqanıstanlı qadınlar deyirlər ki, həftələrdir evlərindən çıxmağa qorxurlar. Onlar 20 il əvvəlki vəziyyətin təkrarlanacağından ehtiyat edirlər – onda niqabı “səhv” geyindiklərinə və ya taksiyə tək mindiklərinə görə qadınları küçədə döyürdülər.

Beynəlxalq hüquq-müdafiə təşkilatları da qadınların narahatlığını bölüşür və bildirirlər ki, əyalət bölgələrində taliblər qızlara məktəbə getməyi, qadınlara isə evdən çıxmağı qadağan ediblər.

Sentyabrın 11-də başdan-ayağa niqaba bürünmüş 300-ə yaxın qadın Kabil Dövlət Universitetinin auditoriyasına toplaşıb “Taliban”a dəstək aksiyası keçiriblər. Onlar deyiblər ki, yeni hakimiyyəti tanıyır və özlərinə qarşı təhlükə hiss etmirlər. Bundan başqa, aksiya iştirakçıları Qərbi və islam dres-koduna əməl etmək istəməyən qadınları qınayıblar.

“Əfqanıstanı tərk edən qadınlar bizi təmsil edə bilməzlər” – iştirakçılardan birinin əlindəki plakatda bu sözlər yazılıb.

Hərçənd onlar da bütün ölkə qadınlarını təmsil etmirdilər: Kabilin kənarında yaşayan 17 yaşlı Süzan 3 həftəyə yaxındır ki, qorxusundan küçəyə çıxmır.

“Mənim və doğmalarımın başına nə gələcəyini bilmirəm. Gecələr yuxuda kabus görürəm. 20 il əvvəl valideynlərimizin yaşadıqları indi bizim başımıza gəlir”,- Süzan BBC-yə deyib.

Biz onunla messencerdə danışırıq. Süzan ingilis dilində yaxşı danışa bilmədiyi üçün üzr istəyir, deyir ki, Taliban gələnə qədər yaşadığı Məzari-Şərif şəhərində hər gün bu dili öyrənirmiş. Taliblər əyalət şəhərlərini ard-arda ələ keçirməyə başlayanda Süzanın ailəsi Kabilə qaçıb – orda təhlükə daha az olar ümidilə.

Videonun alt yazısı,Əfqanıstanda “ən qorxulu işlərdən” birində çalışan qadın

“Ancaq indi təhlükəsizlik barədə danışmaq mümkün deyil”, -Süzan belə deyir.

Onun ailəsi1998-ci ildə taliblər tərəfindən şiddətli təqibə məruz qalmış qarışıq mənşəli, şiə məzhəbli həzaralar qrupundandır.

Süzan atasının orduda xidmət etdiyini, taliblərə qarşı döyüşdüyünü, bir neçə aydır ki, ondan heç bir xəbər olmadığını bildirir.

Kabulda məktəb

ŞƏKLİN MƏNBƏYİ,BULENT KILIC/AFP

Şəklin alt yazısı,Yeni hökumət hələ ki qızları məktəbə getməyə qoymur

“Taliban” qadınlara nə vəd etmişdi?

Taliban Əfqanıstanda birinci dəfə 1996-2001-ci illərdə hakimiyyətdə olub – şəriət qaydalarını ən sərt şəkildə şərh və tətbiq edərək. 8 yaşdan yuxarı qızların məktəbə getməsi, qadınların işləməsi (səhiyyə sistemi istisna olmaqla) və yanlarında yaxın kişi qohumu olmadan küçəyə çıxması qadağan edilmişdi. Ərinə xəyanətdə günahlandırılan qadınları daşlayırdılar.

“Human Rights Watch” təşkilatının Əfqanıstanla bağlı 2001-ci il tarixli hesabatında qeyd olunur ki, talibançılar bir qadını niqabındakı göz dəliyi “həddindən artıq enli” olduğu üçün döyüblər – uşağının gözü qabağında.

“Əxlaq polisinin” (şəriət qanunlarının qorunmasına nəzarət edən xüsusi bölmə) əməkdaşları qadınları “fərqli” corab geydiyinə və ya üzünü bir az açdığına görə şallaqlayıblar. Bəzi hallarda qaydaları pozan (kişi qohumu yanında olmadan taksiyə minmiş, bədən cizgilərini bəlli edən paltar geymiş) qadınları həbs ediblər.

Sərt dres-kod qaydası istisnasız olaraq hamıya, o cümlədən həkimlərə də şamil edilib. Təşkilatın hesabatında yazılana görə, əyalət xəstəxanalarından birinin administratoru əməliyyat vaxtı cərrah qadına xüsusi baş geyimini çıxarıb çadra geyinməyi əmr edib.

2021-ci ilin avqustunda yenidən hakimiyyəti ələ keçirən Taliban qadınlara qarşı münasibətdə “yumşalma” olacağını bildirdilər: vəd etdilər ki, “Əfqanıstan normaları və islam dəyərləri çərçivəsində” qadın haqlarına hörmətlə yanaşacaqlar (Hərçənd praktikada – taliblərin interpretasiyasında bunun hansı şəkil alacağı hələ də aydın deyil), onların təhsil almasına və işləməsinə icazə verəcəklər.

Bunun təsdiqi olaraq taliblər 20 il əvvəlki kimi qadın tibb işçilərini iş yerlərinə qayıtmağa çağırdılar, yeni hökumətdə onların da yer alacağını bildirdilər. Avqust ayında teleaparıcı Beheşta Arqand canlı yayımda Taliban nümayəndəsindən müsahibə aldı – bu, hakimiyyət təşkilatın əlinə keçəndən sonra ilk belə hadisəydi.

Onda çoxları sözügedən hadisəni vəd olunan yumşalmanın ilk siqnalı kimi dəyərləndirdilər. Ancaq az sonra 24 yaşlı Arqand həyatına qarşı təhlükədən ehtiyat edərək Əfqanıstanı tərk etdi, Yaxın Şərq ölkələrinin mətbuat orqanları qadın jurnalistlərə efirə çıxmağın qadağan olunduğunu yazdılar.

Sentyabrın 19-da isə Kabil bələdiyyəsində kişilərin də görə biləcəyi işlərdə çalışan qadınlara artıq ofisə gəlməməyi əmr etdilər.

Qadınların öz haqlarını tələb etməsi sərt müqavimətlə qarşılanır: onların Kabildəki etiraz aksiyasına taliblərin silahlı müdaxiləsindən tutmuş belə tədbirlərin ümumiyyətlə qadağan olunmasına qədər (“Etiraz vaxtı deyil” arqumentiylə).

Taliban qadın məsələləri üzrə nazirliyi ləğv edərək əvəzində fəzilətin təşviqi və əxlaqsılığın kökünün kəsilməsi nazirliyi yaradıb. Bu qurum 20 il əvvəl də fəaliyyət göstərib və ciddi qaydaların tətbiqi, qadınlarla bağlı sərt məhdudiyyətlərin müəyyənləşdirilməsiylə məşğul olub.

Gündən-günə əriyən ümidlər

Taliblər qadın tibb işçilərinin çalışmasına icazə versələr də, bir il əvvəl tibb universitetini bitirən və karyera barədə xəyallar quran Xatimə BBC əməkdaşıyla söhbətində bildirib ki, ölkənin indiki vəziyyətində işləməsi qətiyyən mümkün deyil. Mülki əhaliyə qarşı zorakılıq hallarını sadalayan qadın qeyd edib ki, əri onu küçəyə buraxmağa qorxur.

“Keçən həftə əyalətlərin birində taliblər həkim qadını döyüblər. Üç gün əvvəl naməlum səbəbə görə evimizin yanında bir qadını güllələdilər. Mən uzun fasilədən sonra evdən çıxanda küçədə bir kişi meyiti gördüm, artıq çürüməkdə olan cəsədi heç kim ordan götürmürdü. Bu, çox dəhşətli mənzərəydi”, – Xatimə deyir.

İki azyaşlı uşağı olan qadın hesab edir ki, özünü indi ancaq Əfqanıstandan kənarda təhlükəsiz hiss edə bilər:

“Biz hər gecə Talibandan, ölkənin gələcəyindən danışırıq. Mən azad olmaq istəyirəm, işləmək və pul qazanmaq istəyirəm. Bu mənim arzumdur, ümidimdir, hansı ki, gündən-günə əriyib yox olur”.

Talibanın təhsil şərtləri

Yeni hakimiyyət qadınların təhsil almasına icazə verib – Talibanın şərtləri çərçivəsində. Yeni qaydalara görə, onlar kişilərlə eyni auditoriyada otura bilməzlər və dərsə mütləq “islam ənənələrinə uyğun” dres-kodla getməlidirlər.

Ancaq beynəlxalq hüquq-müdafiə təşkilatları xəbərdarlıq edirlər ki, qadın müəllimlərin çox az olması, maaşların gecikməsi və Əfqanıstanın təhsil xərclərinin böyük qismini ödəyən beynəlxalq yardımların kəsilməsi qadınların ali təhsil almaq şansını ciddi şəkildə məhdudlaşdıra bilər.

İlk günlərdə taliblər azyaşlı qızların təhsil almasına mane olmayacaqlarını demişdilər, amma sentyabrın 18-də yeni hökumətin rəsmi nümayəndəsi Zabihulla Mücahid bəyan etdi ki, yeni təhsil ilində məktəblərə yalnız kişi müəllimlər və oğlan uşaqları qayıda bilərlər.

Taliblər deyirlər ki, hökumət qızların da oxumasını təmin edəcək, amma hüquq-müdafiə təşkilatlarının qənaətinə görə, cinsi yetkinlik yaşına çatmış qızların çox azına təhsili davam etdirməyə icazə veriləcək. Hərçənd ibtidai və orta təhsil siyasəti əyalətdən əyalətə dəyişə bilər.

“Bu gün bir Taliban nümayəndəsi qızların 6-cı sinfə qədər təhsil almasına icazə verdiyini deyir, sabah onun yerinə gələcək adamsa onların oxumasını ümumiyyətlə qadağan edə bilər”, – “Human Rights Watch” təşkilatı Vardak əyalətində yaşayan müəllimdən sitat gətirir.

Taliban dəstəkçisi olan qadınlar

ŞƏKLİN MƏNBƏYİ,AAMIR QURESHI/AFP

Şəklin alt yazısı,“Əfqanıstanı tərk etmiş qadınlar bizi təmsil edə bilməzlər” – taliblərə dəstək aksiyasında qaldırılam plakatlardan birində belə yazılıb

Yaxın Şərq üzrə ekspert və yazıçı Andrey Ostalski deyir ki, taliblərin dünyagörüşündə qadın haqlarına sayğı anlayışı yoxdur, amma kəskin vəsait çatışmazlığı və dərin iqtisadi böhran təşkilatı mövqeyini yumşaltmağa sövq edə bilər:

“1990-cı illərdən fərqli olaraq taliblər indi dünyaya daha açıqdırlar. Onları buna maliyyə problemləri və əməkdaşlıq arzusu məcbur edir. Qadınlarla davranışda çox dəhşətli hallar baş verərsə, hətta Çin və Rusiya da Talibanla iqtisadi əməkdaşlıq etməkdə və bank hesablarını açmaqda çətinlik çəkəcəklər”.

Mağazaya getmək qorxusu

Yaxın kişi qohumların dəstəyindən məhrum olmuş qadınların vəziyyəti xüsusilə çətindir. 26 yaşlı Nisan deyir ki, üç övladını tək böyüdən xalası Taliban hakimiyyətə gələndən sonra faktiki olaraq dünyadan təcrid olunub:

“Evi xalam üçün həbsxanaya çevrilib. Küçəyə çıxa bilmir, ərzaq almağı ya qonşulardan xahiş edir, ya da öz uşaqlarını göndərir. Amma bu onlar üçün də çox təhlükəlidir. Xalamın 14 yaşlı qızı anadangəlmə kor olsa da, çox ağıllıdır, təhsilini davam etdirmək istəyir. İndi bunu edə bilməyəcək”.

“Övladlarını oxutmaq, onlar üçün gələcək təmin etmək xalamın arzusudur. Təhsilsiz, atasız, pulsuz nə gələcək ola bilər ki?” – deyə Nisan əlavə edir.

77 yaşlı Rəhmani də oxşar vəziyyətdədir. Londondakı qaçqınlara yardım mərkəzində tanış olduğumuz Fatimə (ad dəyişdirilib) anasının Əfanıstanda tamam tək qaldığını və küçələri dolaşan yaraqlılarla qarşılaşmaq təhlükəsinə baxmayaraq, ərzaq dalınca getmək məcburiyyətində olduğunu deyir:

“Gecələr gözümə yuxu getmir, anamdan nigaranam. Taliblər mənim Britaniyada yaşadığımı bilsələr, onun həyatına təhlükə artacaq. Anam Talibanın 20 il əvvəlki idarəçiliyini yaxşı xatırlayır və təkrar hakimiyyətə qayıtması onu çox qorxudur”.

bbc.com