Taleh Bağırzadə Ərdoğana müraciət etdi

tale-bagirzade3“Azərbaycan hakimiyyəti qardaş ölkədəki qanlı hadisələrdən öz çirkin niyyətləri naminə faydalanmağa çalışır”

“Sizdən xahiş edirəm, bu müstəsna riyakarlıq və siyasi manipulyasiyanın qarşısını alasınız”

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib. İlahiyyatçı məktubunda yazır ki, Azərbaycan hakimiyyəti Türkiyədəki məlum qanlı olaylardan öz sivil rəqiblərini “Gülənçi” adı ilə şərləyib sıradan çıxarmaq məqsədilə yararlanmağa çalışır. Ona görə də Ərdoğanı bu cür siyasi manipulyasiyaya göz yummamağa, riyakarlığın qarşısını almağa çağırır.

 Cənab Prezident! Zati aliləri!
Məlumunuz olsun ki, mən, Bağırzadə Taleh Kamil oğlu 26 noyabr 2015-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin yaxınlığında yerləşən Nardaran qəsəbəsində Azərbaycan siyasi hakimiyyətinin heç bir hüquqa və əxlaq normalarına sığmayan basqısı nəticəsində həbs edilmişəm. Həmin vaxt mən və xeyli sayda inanclı insan Nardaranda islam dininin şərəfli səhifələrindən birini təşkil edən İmam Hüseynə Aşura mərasimləri keçirərkən, daha doğrusu, ibadət edib, ehsan mərasimləri təşkil edərkən hüquq-mühafizə orqanlarının silahlı hücumuna məruz qalıb, çoxlu sayda dinc insanın, uşaq və qadınların olduğu evə müxtəlif istiqamətlərdən necə gəldi atəş açılıb, nəticədə heç bir günahı olmayan 4 nəfər – Babayev Əkbər Nazim oğlu, Rəfael və Fərayıl Bünyadov (Zeynalabdin oğlu) qardaşları və Səfərov Sarvan Şirvan oğlu, o cümlədən daha 2 polis əməkdaşı ? Nəsibov Vüqar Əyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlu qətlə yetirilib, xeyli sayda insan yaralanıb.

Qeyd edim ki, hüquq-mühafizə orqanlarının iddialarının əksinə olaraq, bizdə hər hansı silah-sursat, döyüş sursatı olmayıb, özüm və ətrafımdakı insanlar yalnız dinc şəkildə ibadətlə məşğul olmuşuq. Məhkəmə prosesinin ilk günlərində verilmiş ifadələrlə polis qardaşlarımızın məhz qanlı əməliyyat-tədbirini həyata keçirən hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən öldürüldüyü öz təsdiqini tapıb.  Mənim və tərəfdarlarımın yeganə günahı Azərbaycan hakimiyyətini tənqid etmək olub və məhz buna görə onların dərin kin və qəzəbinə düçar olmuşuq.

Cənab Prezident! Mən və çoxlu sayda inanclı insanlar həm həbs edilərkən, həm də sonradan müvəqqəti saxlama yeri və təcridxanada saxlanarkən günlərlə, aylarla ağlagəlməz, mənəvi-əxlaqi dəyərlərə zidd, insanlığa sığmayan şəkildə və üsullarla işgəncələrə məruz qalmışıq. Çoxumuzun bədənində güllə yaraları, ağır işgəncə izləri hələ də qalmaqdadır. Şəxsən məndən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Azərbaycanın müxalif siyasi liderləri, etirazçı elektoratın cəmləşdiyi Milli Şura liderləri Əli Kərimli və Cəmil Həsənlinin əleyhinə, guya bu şəxslərin Nardaran hadisələrinin arxasında durması və təşkil etməsinə dair ifadələr alınmağa cəhd edilib, ancaq bundan qətiyyətlə imtina etdikdən sonra mənə davamlı işgəncələr verilib.

Bütün bunları nəyə görə xatırladıram? 15 iyul 2016-cı ildə qardaş ölkdə “darbe” baş verdikdə hamı kimi mən də qanuni seçilmiş Prezidentin, xalqın iradəsinin ifadəçisi kimi Sizin, legitim hakimiyyətin tərəfində olduğumuzu bəyan edib, baş verənləri qətiyyətlə pisləmişəm. Həmin hadisələr zamanı da qardaş ölkədə yüzlərlə dinc insan həlak olub, şəhid edilib. Sonradan bu hadisələrin arxasında Fətullah Gülən və onun ölkənin siyasi və hərbi dairələrinə nüfuz etmiş çoxsaylı tərəfrdarlarının durduğu məlum olub. Ancaq təəssüf doğuran məqam odur ki, məhz bu hadisədən Azərbaycan hakimiyyəti öz siyasi rəqiblərini, korrupsioner və avtoritar siyasi rejimi davamlı tənqid edən opponentlərini sıradan çıxarmaq və susdurmaq üçün sui-istifadə etməkdədir. Artıq əsas müxalifət partiyası olan Azərbaycan Xalq Cəhbəsi Partiyasının bəzi fəalları heç bir hüquqi əsası olmadan, absurd və hətta primitiv hüquqi tənqidlərə belə cavab verməyən “Gülənçi” ittihamları ilə həbs edilib, hakimiyyətyönlü media vasitələrində Əli Kərimlinin “Gülənçi”lərlə şübhəli əlaqələrinin olması barədə gülünc iddiaların yer aldığı yazılar tirajlanıb və hazırda da tirajlanmaqdadır. Məqsəd, bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanın fürsətcil siyasi hakimiyyətinin qardaş ölkədə yüzlərlə insanın ölümü ilə nəticələnmiş qanlı hadisədən öz siyasi maraqları naminə yararlanmasıdır. Halbuki, Azərbaycanda əsl “Gülənçilər” siyasi hakimiyyətin müxtəlif qollarında, hakim siyasi dəsti-xətti müdafiə və təbliğ edən televiziya və digər media quruluşlarında, böyük şirkət və holdinqlərdə yuva salıblar və onlara bu vaxta qədər “gözün üstə qaşın var” deyən olmayıb.

Cənab Przeident! Zati-aliləri! Sizə bir bir islam təəssübkeşi və bir ilahiyyatçı olaraq müraciət edirəm! Sizdən təvəqqəm budur ki, Azərbaycan hakimiyyətinin qardaş ölkədə baş vermiş qanlı hadisələrdən öz çirkin və riyakar niyyətləri naminə faydalanmasına, öz sivil rəqiblərini şərləyib sıradan çıxarmasına imkan verməyəsiniz! Doğrudan da əgər hakimiyyət “Gülənçilər”lə mübarizə aparmaq niyyətlərində səmimidirsə, onda ilk növbədə hakimiyyət dəhlizlərinə nəzər salsın, orada əyləşmiş kifayət qədər nüfuzlu və aşkar siyasi və maliyyə güc sahiblərinə, onların media şəbəkəsinə diqqət yetirsin!

Azərbaycan siyasi hakimiyyəti onillərdir ki, qan və insan faciələrindən böyük məharətlə yararlanıb, siyasi ömürlərini mümkün qədər uzatmaqla, siyasi rəqbilərini sıradan çıxarıb, gözdən salmaqla məşğuldur. Ancaq bu dəfə hakimiyyət qardaş ölkədə çoxlu sayda insan tələfatından bəhrələnir, yüzlərlə dinc insanın meyiti üzərində aşkar siyasi möhtəkirlik, ölkəmdə sivil, amma tənqidçi insanların cəzalandırılması məqsədilə istifadə edir.

Sizdən xahiş edirəm, bu müstəsna riyakarlıq və siyasi manipulyasiyanın qarşısını alasınız.

Siyasi məhbus Taleh Bağırzadə

25 avqust 2016