Tacikistanda seçicilərin əksəriyyəti bazar günü keçirilmiş referendumda ölkə konstitusiyasına düzəliş və əlavələrin edilməsinə “hə” deyib.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, seçicilərin 94,5 faizi konstitusiyaya düzəliş və əlavələrin edilməsini dəstəkləyib.
Seçicilərin 3,3 faizi isə referendumun təklif etdiyi məsələyə mənfi cavab verib.
Ümumilikdə referendumda seçicilərin 92 faizi iştirak edib, MSK bildirib.
Tacikistan konstitusiyasına təklif olunmuş düzəliş və əlavələr hazırkı prezident Emomali Rahmona yeni prezidentlik müddətinə məhdudiyyətsiz seçilmək imkanı verəcək.
Yeni düzəlişlərə görə, həmçinin prezidentliyə namizədin yaş limiti 35-dən 30-a endirilir.
Düzəlişlərdə, eləcə də dini və etnik zəmində siyasi partiya və təşkilatların yaradılmasına qadağa qoyulur.