Oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, və digərlərinin işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Çıxış edən Taleh Bağırzadə deyib ki, hakimiyyət bizimlə qarşı-qarşıya gəlib: “Onlar bizi, biz onları qorxutmaq istəyirik. Onlar narahatdılar, çünki itirəcək çox şeyləri var. Azərbaycana bir obyekt kimi baxırlar. Elə bir gözəl güşə yoxdur ki, oranı hasara almasınlar. O zaman Müaviyə oğlu Yezidə vəsiyyət etdi ki, hakimiyyətə gələndə bir neçə nəfərlə işin olmasın. Onların arasında İmam Hüseyn də var idi. Çünki Müaviyə bilirdi ki, xilafət İmam Hüseynin haqqıdır və onun bu haqqını qəsb edib. Lakin Müaviyə ölən kimi Yezid dedi, gərək İmam Hüseyn mənə beyət etsin. İndi bunların ağıllarında qısaqapanma olub. İndi o hadisələr burada təkrar olunur. Heydər Əliyevin vaxtında belə şeylər yox idi. 2003-cü ildən sonra dindarlara, dinə basqılar, hicaba qadağalar artmağa başladı. Bunlar qorxaq olduqları üçün Nardarana o cür girdilər. Mən üç ay azadlıqda oldum, gördüm bunlar necə qorxurlar. Qorxaq insan sağlam düşünə bilmir. Haqq sözə dözümləri yoxdur. Tutsalar, da öldürsələr də, qorxurlar. Bizim mübarizəmiz insanları ruhlandırır. Ən ağır maddələri veriblər, ən ağır işgəncələri ediblər. Biz ömürlük həbsi bağrımıza basıb qəbul edəcəyik. Bizim mübarizəmiz eşq mübarizəsidir. Qandalı da, onu vuranı da sevirik. Əsgərlər də bizim millətimizdir. Mən görmüşəm müstəntiq necə əzab çəkirdi. Danışırdıq, deyirdim, halal edirəm sənə haqqımı. Heydər Əliyev deyirdi dövlət günahkar azadlıqda, günahsız həbsdə olanda sarsılır. Onun bu sözünə görə bu dövlət dağılmalıdır. Eldar Mahmudov çöldədir, günahsızlar içəridə. Ramil Usubov da Eldar Mahmudovun əkizi deyil? Hacı Məmmədov bunların içindən çıxmadı? Ermənistan müstəqilliyinin 25 ilini bayram edir, parad keçirir. Bunlar həmin günü bayram siyahısından çıxarıblar. Korrupsiya ölkədə ayaq tutub yeriyir. Neftin qiyməti düşən kimi bunların iç üzü açıldı. Bütün ölkəni yeyib dağıdıblar. Cahangir Hacıyevə 15 il cəza verməklə deyil. O, balaca fiqurdur. Eldar Mahmudov bu xəyanətləri edibsə, o birilər də edirlər. Biz xalq olaraq mübarizəmizi davam etdirməliyik. Azadlıq üçün zindanlara girməliyik. Nə qədər adam tutuacaqlar? Qoy hamı zindana girsin. Sən qanını ver, gör necə dəyərli olursan. Şəhidlik istəyənin bundan anlayışı olmalıdır. Mübarizə aparmaq lazımdır. Fədakarlıq etməsən olmur. Baxın demokratik ölkələrə. Hamısı inqilab edib, nə qədər insan canından keçib. Çünki azad yaşamaq istəyirlər. Artıq Daxili İşlər Nazirliyi başını itirib. Bunun qarşısında davam gətirmək lazımdır. Artıq inanmıram ki, bunlar bizim müstəqilliyimizi qoruyub saxlaya biləcəklər. Bu, İrandan, Türkiyədən, Rusiyadan, Ermənistandan qorxur, bir xalqdan qorxmur. Bütün dünyaya pul paylayır. Nardarana elə girirlər elə bil Qarabağa girirlər, Lələtəpəni alırlar. Bunları dəlixanaya göndərmək lazımdır. Çox qorxulu adamlardılar. Bunlarda din qorxusu var. Hakimiyyəti qorxu gücünə saxlayıblar. Əsas qorxu mənbələri də “Bandotdel”di. İnsanları onunla qorxudurlar”.