Müsahibimiz “Sosxeber.info” informasiya saytının baş redaktoru Murad Həmidovdur.
-Murad müəllim, bir çox hallarda təhsillə bağlı tənqidi fikirləriniz səslənir. Bu cür düşünməyinizə səbəb nədir? – Qeyd edim ki, mən praktiki olaraq məktəblərdən informasiya alıram. Bundan əlavə mən valideynəm və övladlarım təhsil alan məktəbdə nə baş verdiyini görürəm. Eyni zamanda ali məktəblərə qəbul zamanı 70% abituriyentin 150-dən az bal toplaması göstərir ki, orta məktəblərdə tədris olduqca aşağı səviyyədədir. Nəzərə alın ki, universitetlərə qəbul olunan uşaqların 90%-i repititor yanına gedir. Bütün bunlara görə mənim təhsilə tənqidi münasibətim diqqət çəkir. Bundan savayı məktəblərdə uşaqlardan müxtəlif adlarla pul yığılır. Müəllimlər dərsi yola vermək xatirinə keçirlər və şagirdlərə heç nə öyrətmirlər. 9-11-ci sinif uşaqları sistemli dərsə gəlmir, çünki, onlar əlavə repititor yanına gedirlər. Universitetlərdə sovet dövründən qalmış müəllimlər saralmış vərəqlərdən tələbələrə mühazirə oxuyurlar. Bir çox universitetlərdə hələ də rüşvət prosesi davam edir. Tələbələr kollektiv şəkildə imtahana pul yığırlar. Bunların nəticəsi olaraq ölkə təhsilinin vəziyyəti acınacaqlı durumdadır.
– Murad müəllim, prosesin qarşısını almaq üçün nələr etmək lazımdır ki, müsbət istiqamətdə dəyişiklik yaransın?- Bu vəziyyəti düzəltmək üçün çox işlər görmək lazımdır. İndiki halda köklü dəyişikliklər etmək lazımdır. İlk növbədə təhsilə rəhbərlik edən çəxsin təhsildən baş çıxarması vacibdir. Yəni, bu gün təhsil Naziri Mikayıl Cabbarov təhsil problemlərini həll etmək gücündə deyil. Çünki, onun təhsil prosesindən anlayışı yoxdur. Bu zaman isə orta məktəblərdə hərc-mərcliyin qarşısını almaq qeyri-mümkündür. Deməli, özbaşınalıq qaçılmazdır. Məncə, bu nazir işdən getməlidir ki, təhsili bilən şəxs gəlib problemləri həll edə bilsin. Bir şeyi də qeyd edim ki, bu Azərbaycanın siyasi idarəetməsində olan neqativlərdən yalnız bir sahəyə aid olanlardır. Bu mənada bu gün kiminsə marağında deyil ki, təhsil naziri işdən çıxarılsın və ya təhsil problemləri həll edilsin. Yəqin ki, biz yaxın zamanlarda uğurlu inkişafdan ancaq AzTV-dən məlumat alacağıq.