Tələbələrin xaricdə təhsil almalarına imkan yaradan şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhid övladlarının Türkiyədə təhsili üçün lazım olan bütün xərcləri ödəmək qərarı alıb.
Bundan əlavə, o, döyüşlərdə qazi olan şəxslərin istədikləri təqdirdə, distant təhsilləri üçün gərəkli olan bütün şəraiti təmin edəcəklərini də açıqlayıb.
Musavat.com-un əməkdaşı atılan bu addımla əlaqədar “F-Group Academy” təhsil şirkətinin rəhbəri Fuad Hacıyevlə əlaqə saxlayıb.
Fuad Hacıyev qərarını belə izah edib: “Düşündük ki, cəbhədə yaşanan son hadisələrlə bağlı biz necə dəstək ola bilərik? Çünki hamı cəbhəyə gedə, orada vuruşa bilmir. Fikirləşdik ki, biz də öz sahəmizdə bir dəstək verməliyik, bu işə, bu haqq mücadiləmizə… Ona görə də, belə qərara gəldik ki, bütün şəhidlərimizin övladlarının təhsil haqqını qarşılamağı öz öhdəmizə götürək. Qazi olan gənclərimiz üçün isə ən azından onların distant təhsil almaları üçün şərait yaradaq”.
Şirkət rəhbəri həmin ailələri tapmaq üçün vətəndaşlardan kömək istədiklərini də qeyd etdi: “Qeyd etdiyimiz kimi, həmin ailələri tapmaq üçün insanlarımızdan kömək istəyirik. Onların əlaqələrini bizə göndərsinlər. Dostlarımızın yaxınları da var. Onlar da müraciət edəcək. Bu gündən etibarən bizim dostlarımız cəbhə bölgəsindəki xəstəxanalara gedəcəklər. Həmin şəxslər ilə görüşəcək, əlaqə telefonlarını alacaqlar. Və biz düşünürük ki, hər kəs bacardığı yöndən dəstək versə, bu ruh yüksəkliyi daha da artar. İnsanların inamı bərpa olar. Bu şəhidimizə, təhsilimizə hörmət olar. Biz şəhidlərimizlə qürur duyuruq. Qazilərimiz isə baş tacımızdır”.
Aygün SƏFƏRLİ,
Musavat.com