Sumqayıtda komada olan xəstənin qızıl dişləri oğurlanıb

xestexanaSumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında xəstənin komada olan zaman dişlərinin oğurlanması ilə bağlı məlumat yayılıb.

Xəstənin həyat yoldaşı Qəmər QasımovaFemida.az-a açıqlamasında bildirib ki, həyat yoldaşı 1959-cu il təvəllüdlü İsmayıl Qasımovun dişləri Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında reanimasiya şöbəsində olduğu zaman oğurlanıb:

“Biz xəstəni Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından Mərkəzi Klinik Xəstəxanaya gətirəndə ağzında diş yox idi. Hadisədən 3 gün sonra xəbər tutduq. Yoldaşımın dişlərini Sumqayıtda reanimasiya şöbəsində olan zaman oğurlayıblar. Mən xəstəxanaya müraciət edib deyəndə ki, yoldaşımın ağzında 6 qızıl dişi vardı, indi isə yoxdur, onlar cavab verdi ki, biz bilmirik. Xəstəyə tibb bacıları baxırdı. Mən də xəstəyə 10 dəqiqəlik baş çəkə bilirdim. Hazırda yoldaşım reanimasiyadadır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə məsələyə belə münasibət bildirib: “Komada olan xəstənin qızıl dişlərinin sökülməsi ilə nağlı məlumat daxil olmayıb”.

Onun sözlərinə görə, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında belə bir hadisənin olması mümkünsüzdür.

“Bu qədər də olmaz. Xəstənin ağzından necə diş çıxarda bilərlər ki?! Mən həyatı boyu inanmaram ki, onu həkimlər edib. Yəqin ki, hardasa düşüb. Bizə belə bir məlumat daxil olmayıb”.