Stella Kyriakides AŞPA-nın yeni prezidenti oldu

Yeni prezidenti üçüncü turdan sonra seçmək mümkün olub

Oktyabrın 10-da Avropa Şurası Parlament Assambleyasının yeni sədrinin seçkisi keçirilib.

Yeni prezidenti üçüncü turdan sonra seçmək mümkün olub.

Səsvermədə 216 deputat iştirak edib.

Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides (Kipr) 132 səslə qurumun yeni prezidenti seçilib.

Digər namizəd Emanuelis Zingeris (Litva) 84 səs ala bilib.

Oktyabrın 9-da birinci və ikinci turda səsvermədə lazım olan sayda deputat iştirak etmədiyindən AŞ PA prezidenti seçilməmişdi. Prezidenti bu gün keçirilən üçüncü sadə səsvermədə seçmək mümkün olub.

Yeni sədr 2018-ci ilin yanvar ayına qədər bu vəzifəni icra edəcək.

Yanvarda keçiriləcək qış sessiyasında qurumun yeni prezidenti seçiləcək.

Əvvəlki sədr Pedro Aqramunt oktyabrın 6-da istefa verib.

Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı.