Bakının köhnə məhəlləsində tarixi abidə və tikililərin yerində park salınacağı xəbəri vətəndaşları təşvişə salıbBakının daha bir qədim məhəlləsi xəritədən silinir. Paytaxtın “Sovetski” kimi tanınan ərazisində söküləcək tikililər Çingiz Mustafayev küçəsindən başlanacaq. Ç.Mustafayev küçəsindən Süleyman Rəhimov küçəsinə qədər ərazini əhatə edəcək ilkin söküntü bumu hissə-hissə başqa küçələrə də çatacaq.
Mülk sahiblərinə isə kvadratına 1500 manat təklif olunur.
Hələlik isə evlərin söküntüsünə nə vaxt başlanacağı bilinmir. Ehtimal olunur ki, icra işləri yaz aylarından start götürəcək. Bu zaman kəsiyində isə mənzil sahibləri ilə dialoq aparılır, bir-bir evlərə bildiriş göndərilir, hesablama işləri görülür.
“Sovetski”nin plana salınması isə heç dövlət üçün xüsusi əhəmiyyət daşımır. Eynilə Füzuli, Ş.Bədəlbəyli küçələrindəki tikililərin sökülüb yerində “Qış parkı” salınması kimi bu massivdə də park inşa edəcəklər. Bu məqsədlə camaatı şəhərin mərkəzindən sürgün edib, yolları genişləndirəcək, park, fəvvarələr tikəcəklər. Hərçənd ki, “Qış parkı”nın salınmasının heç bir mənası yox idi. Nə parka gedən var, nə də buna ehtiyac. Çünki Heydər Əliyev Sarayının qarşısında da oxşar park var idi.
Odur ki, “Sovetski”dən əhalini didərgin salıb, yerinə park tikilməsi insanları hiddətləndirib. Onsuz da kompensasiyanın məbləğindən narazılıq edən sakinlər bir də evlərinin nə səbəbə söküləcəyini biləndə daha da qəzəbləniblər. Beləliklə, Bakının mərkəzində növbəti “Qış bulvarı” müsibəti gözlənilir. Elə sakinlər də bu fikri təsdiqləyirlər. Onlar həngamənin irəlidəki günlərdə olduğunu deyirlər.
“Qırğın hələ qabaqdadır. Haçan ki, evləri sökməyə qalxacaqlar, onda millət də qalxacaq. Hələ ki evlərin kvadratını ölçüb-biçirlər. Camaat pıçhapıç səviyyəsində narazılıq edir. Amma ”Basin” küçəsində olduğu kimi burda da vətəndaşlar toplaşıb aksiya keçirəcək“-deyə, yerli sakin Nüsrət Məmmədov belə deyir.
Onun sözlərinə görə, “Sovetski”də 10 mindən çox evin söküləcəyi açıqlanıb və bu, hardasa 2 ildən çox davam edəcək. N.Məmmədov əmlak yiyələrinə veriləcək kompensasiyanın camaata təhqir olduğunu qeyd etdi.
Digər sakin Elsevər Həmidov evinin 20 kvadrat olduğunu bildirdi: “Mənə 30 min manat verəcəklər. Bu pulla harda ev almaq olar? Mən şəhərdə böyümüşəm, ”Sovetski” adamıyam. Bakılıları Bakıdan qaçqın salıblar. Allah götürməz bu haqsızlığı. 30 min manata Hövsanda ev almaq olar. Mən niyə Hövsanda yaşamalıyam? Burda böyük narazılıq qopacaq. Biz razılaşan deyilik. Heç olmasa 2 min manatdan verilməlidir”.
Sakinlərin sözlərinə görə, Bəşir Səfəroğlu küçəsindəki tək nömrəli evlər, Çingiz Mustafayev küçəsində hamısı, Vidadi, Mirzağa Əliyev küçələrində cüt nömrəli evlər, Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan və “Sovetski” küçəsi küçələrində bütün evlər yerlə-yeksan olunacaq.
Evi plana düşən sakin Mahmud Səfərov deyir ki, böyük bir səhraya çevriləcək “Sovetski” məhəlləsi artıq tarixin arxivində qalacaq: “Əvvəl ”Sovetski”ni xarici şirkətlərə satmaq istəyirdilər. Burada göydələnlər tikilməsi nəzərdə tutulmuşdu. Ancaq tamahkardırlar, gözləri doymur. Gördülər ki, başqasına verməkdənsə, özləri tiksinlər. Büdcədən milyonlar ayırıb park tikəcəklər, bir-iki işıq dirəyi qoyacaq, avtomobil dayanacağı salacaq, lentini kəsəcəklər.
Məhəllə sakinlərindən olan və digər aksiya iştiraçılarından daha acınacaqlı vəziyyətdə olan Hüseynov Rəşad Həsənağa oğlu bildirdi ki:”Mənim evim 43 kvadrat olduğu halda cəmi 25 kvadratı qeydiyyata alıblar.Bildirirlər ki,qalan 18 kvadrat haqda bizdə məlumat yoxdur.Mən deyirəm ki,hər şey göz qabağındadır bundan artıq nə məlumat olmalıdır?.Ölçün nə qədərdi onu nəzərə alın.Axı bunların əlavə adlandırdığı tikinti yeni deyil hər il bunların “yeni əlavə”adlandırdığı 18 kvadratında pulunu 25 kvadratla bir yerdə EV PULU verirəm.Onda bəs maraqlıdı mənim illərdi o kvadrata ödədiyim pulları neçə qeyd ediblər? Aydin məsələdir ki,həmin əlavəni mən kiməsə pul verməsəm tikə bilməzdim.Elə əlavə tikilinidə dəfələrlə sənədləşdirmək istədim məndən külli miqdarda pul istəyirdilər.Mənim o pulu verməyə imkanım yoxudu.İndi siz fikirləşin 25 kvadratla hələ nəzərə alsaq ki, bununda kv 1500 manatla verirlər,onda mən bu pula harda ev ala bilərəm”?
Vəssalam, “Sovetski” məhv oldu getdi. Bizə də deyirlər ki, hara istəyirsiniz gedib şikayət edin. Məbləğ budur, prezident də deyib ki, Bakının mərkəzində kvadratı 1500 manatdan yuxarı mənzil yoxdur. Prezidentin sözünü əldə bayraq tutub, gəliblər camaatın üstünə”. “Sovetski”nin bir qrup sakini isə gözləmə mövqeyində dayandıqlarını vurğuladılar. Onlar camaatın bir yumruq kimi olub, aksiya keçirməyə hazırlaşdığını qeyd etdilər.
Kompensasiyaların paylanma mexanizminə gəlincə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) əhaliyə təkliflər irəli sürüb.
Belə ki, hamam və tualetin hər kvadratı üçün 700 manat nəzərdə tutulub. Mənzilə aid həyətyanı sahənin hər kvadratına isə 300 manatdan kompensasiya veriləcəyi deyilir. Bunu belə izah edirlər; evin ümumi sahəsi 100 kvadratmetrdirsə, onun 10 kv.m-i hamam və tualetə aiddir. 15 kv.m isə mənzilin payına düşən həyətdir.
Belə olan təqdirdə, yaşayış sahəsi 75 kv.m-ə bərabər olur. Ayrılan kompensasiyaya uyğun olaraq vətəndaş 150 min manat yaşayış sahəsinə görə, 7000 manat hamam və tualetin sahəsinə görə, 4500 manat isə həyətə görə kompensasiya alacaq. Bu da ümumilikdə, 161500 manat edir. Ancaq bunun nə dərəcədə real vəd olduğu bilinmir. Yasamal rayon icra hakimiyyəti isə küçələrə elan vurub. Rəsmi şəkildə evlərin plana düşdüyü barədə vətəndaşlara xəbərdarlıq olunur.
Yasamal RİH-in əməkdaşı Təranə İbişova ANS-ə deyib ki, təkcə evlərin daxili hissəsi deyil, sakinin adına özəlləşdirilən həyətyanı sahələr varsa, bu zaman həmin yerlər də dəyərləndiriləcək. Ancaq hər halda deyilənlər hələlik sözdür. Əmələ gəldikdə hər şey daha aydın olacaq. Gözləyək, görək…
Xebername.info 10.02.2014