“Şöhrət»li Senzura

resid haciliRəşid Hacılı, Media Hüququ İnstitutu

İnternet Senzorun hökumətin bəyənmədiyi saytlar üzərinə hücumu çox gözləmədi. İlk sifariş, ilk tapşırıq, ilk addım hansısa porno saytların bloklanması yox, məhz hökumətin korrupsiya bataqlığında, qanunsuzluq girdabında olduğunu göstərməyə çalışan tənqidçi medianın “zərərli təsirindən” Azərbaycan əhalisini “qorumaq” oldu.

Hökumətin bu işdə marağı o qədər güclü olub ki, 10 martda Milli Məclisin təsdiqlədiyi bu qanun cəmi-cümlətanı 6 gün sonra, ildırım sürətilə, xüsusi Fərman mətniylə Prezidentin stolunun üstünə gəlib çatıb. 6-ca gün sonra – 16 Martda bu qanun imzalanb, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinə yüksək siyasi bir görəv – İnternet Senzor görəvi verilib.

27 mart 2017-ci ildə cənab Nazir-Senzor ilk qərarını verdi. Aləmə səs salan QM0001 saylı qərar. (0001 saylı QM) Görəvləndirici Fərmandan 11 gün sonra Senzor bu 1-ci QM dediyi qərarıyla azadlıq.info, azadlıq.org, Meydan.TV, Turan.TV, Azərbaycansaatı saytlarına girişi bloklayıb.

Senzor bu qərarınını Azərbaycan Respublikası Baş prokurorunun qərarı əsasında çıxardığını bildirib.

Qərarda bu saytlardakı hansı konkret məzmunların olduğu, bunun hansı mətn, audio və ya video materiallarda əks olunduğu, hansı əsaslarla qanunsuz sayıldığı açıqlanmayıb. Yəni bu, Senzorun qərarından çox icra üçün ötürücü məktuba bənzəyir. “Prokuror dedi bağla, mən də bağladım!” – kimi. Nazir-Senzor özünə əziyyət verib araşdırmaq və yazmaq istəməyib ki, Baş Prokurorluğun iddia etdiyi məzmunlarda nə var-nə yox. Niyə haqlı sayır prokurorluğun iddialarını. Axı qanun Nazir-Senzoru icraedici kimi yox, məhz qərarverici kimi görəvləndirib. O yalnız məhkəmə qərarlarının icraçısı olmalıdır. Senzura məsələsində o nə Prezidentə, nə Prokurora, nə də başqa birisinə tabe olmamalıdır.

Yəni qanun deyir ki, əks halda o Nazir-Senzor yox, ondan yüksəkdəki Senzorların tapşırıqlarının icraçısından başqa bir şey olmayacaqdır.

Amma bu da hələ dərdin hamısı deyil.

Nazir-Senzor bu “saytlara girişi bağlayın” qərarı verib. “Təxirəsalınmadan”!
Həm də “müvəqqəti”! “Müvəqqəti” niyə?

Bunun bir izahı ola bilər. Çünki, yenicə, 17 gün öncə Parlamendə qəbul edilmiş, 10-ca gün öncə imzalanmış qanun belə buyurub. Müvəqqəti, ona görə ki, həmin qanuna əsasən Nazir-Senzor özünün dediyi kimi “təxirəsalınmadan” məhkəməyə müraciət etməlidir. Yəni son qərarı məhkəmə verəcəkmiş.

Qanun məhkəmənin də üzərinə vəzifə qoyub ki, bu müraciətə “təxirəsalınmadan”, 5 gündən gec olmayaraq baxıb qərar versin. Ya hə, ya yox.

Məhkəmə işdi-şayətdi Baş Prokurorun tələbiylə Nazir-Senzorun çıxardığı qərara “Hayır!” desə, o zaman Nazir-Senzorun blokladığı sayta giriş təxirəsalınmadan açılmalıdır ki, Azərbaycan vətəndaşları Konstitusiyanın onlara verdiyi istədiyi xəbəri oxuya bilmək, istədiyi verlişə baxa bilmək hüquqlarından Nazir-Senzorun yanlış qərarı əsasında məhrum edilmiş olmasınlar. Yəni məhkəmə böyük qüvvədir. Qanunlar, ədalət və xalqın maraqları onun üçün 1-cidir. Qalan şeylər olsa-olsa 2-ci.

Deməli, Senzor Nazir qərar verdi və saytlar təxirəsalınmadan bloklandı.
Amma qanunun başqa bir bəndini də yerinə gətirmək Senzor-Nazirin yadından çıxdı. Təxirəsalınmadan məhkəməyə müraciət etmək. Heç ağlabatan görünmür.
Baş Prokurorun məktubuna elə həmin gün, bir neçə saat içində baxmağı və “icra etməyi” yaddan çıxarmamışdı Nazir-Senzor. Bunu heç unudardımı.

30 martda artıq Nazir-Senzorun yerinə onun tabelıyındə olan başqa birisi, Nazirliyin Elektron Təhlükəsizlik Mərkəzinin rəisi Senzor funksiyası daşıyıcısı kimi məhkəməyə müraciət edir.
Beləliklə, bəlli olur ki, Senzor vəzifəsini Prezident Nazirə, o isə tabeliyində olan bir işçiyə tapşırıb. Sabah da ola bilər ki, həmin işçi bu işi öz tabeliyində olan birinə tapşırsın. Beləcə-beləcə axirda hətta ola bilər ki, bu səlahiyyəti nazirlikdəki bir montyora həvalə etsinlər. Ən yaxşısı elə odur. Nə qərar yaz, nə izah elə səbəbini. Əlcəyini götür, dırmaş “stolba”ya. “Rubilnik”i söndür, vəssalam.

Işin məhkəməyə verilməsindən bir ay keçib. Həmin o tezbazar Qanunda yazılıb ki, məhkəmə senzorun qərarına 5-cə gün içində baxmalıdır. Xalq məhkəmədən ədalət gözləyir. Məhkəmə isə müdrikcəsinə susur. Saytlar bağlı, Qanunlar isə pozulmaqda.
Bəlkə də cənab hakim hələ bu tezbazar qanunu oxuyub öyrənə də bilməyib? O 5 gün məsələsindən heç xəbəri də yoxdur? İnsafsızlar heç yadına da salmırlar. Bilsə o bilərdi nə edərdi…

Suallar çoxdur kimi görünür. Əslində isə hər şey aydındır.
Bilmirəm necə bloklayıblar, amma o bloklanmış saytlarda yazılanları Bakıda oxumaqda davam edirlər.

Necə deyərlər, İnternetdə çarələr tükənməz.
Yəni İnternet bildiyin edir, çax-çax baş ağrıdır.
Bu tezbazar qanundan Rusiyada çoxdan var. İşlədib yorulublar. Anlayıblar ki, bu üsul işə yaramır. Ya İnterneti tamam kəsməlisən, ya da onun verdiyi azadlıqlarla razılaşmalısan. Tam kəsərsən, xalqını proqresdən məhrum edərsən. Hələ ki, bunu etmək istəmirlər.

Yeri gəlmişkən. Bu şöhrətli qanunun rəsmi müəllifi kimdir, bilirsiniz ?
“Şöhrət” ordeni də verdilər.
Tezbazar.