Uşaqlıq illərimin ideal ölkəsi idi, Türkiyə. “Böyüyüb bu ölkəyə gedəcəm” deyirdim. “A milli takım”ın oyunlarını da buraxmazdım. Sevgim bu ölkəyə sonsuz idi. Çunki… Bir çox səbəb var idi. Türk olduğu üçün, qardaş olduğu üçün, futbolda “xəstəsi” olduğum iki ad bu ölkəyə məxsus olduğu üçün (“Galatasaray” və Hakan Şükür). Mundiallarda biz türkləri təmsil edən yeganə komanda idi, qardaş ölkə futbolu. Sevinci sevincimiz olub, kədəri kədərimiz. Qələbə qazananda küçələrə tökülərdik.
Lakin, böyüdüm və böyüdükcə bəzi türklər gözümdə kiçildi. Halbuki, hər zaman gözümdə “böyük qardaş” olub, Türkiyə. Gerçəkləri anladım vaxt ötdükcə. Bizə və futbolumuza yuxarıdan aşağı baxıb, “dalqa keçməkləri” məni bir “kiçik qardaş” olaraq küsdürdü. Razıyam, bəzi sahələrdə Türkiyə bizdən öndədir.Elə buna görə də, “böyük qardaş” deyirik. Son illərdə “qardaş ölkə” tərəfindən futbolumuza və ölkəmizə təhqirlər eşidib və görmüşəm. Həmin o, hadisələri xatırlayıb, sonra mətləbə keçəcəm.
İl 2010 idi, “2012 Avropa Çempionatı”-nın seçmə tsiklində eyni qrupa düşmüşdü “qardaşlar”. Bizdə Türkiyə yığmasının Bakıya gələcəyinin sevincini yaşayırdıq. Lakin, Türkiyə cəbhəsində futbol mütəxəssisləri qrupla bağlı fikirlər səsləndirərkən, millimiz haqqında xoşagəlməz ifadələr işlətdilər. Ölkəmizdə yetərincə sevilən, Sərgən Yalçın Azərbaycan haqqında “quş” buraxdı. Ölkəmizin adını ələ salıb, “Azərbaycan-Mazərbaycan” ifadələri ilə bizi “aşağıladı”. Bizim yığmanı asan “loxma” kimi görməyə başlad Türkiyə futbol ictimaiyyəti. Razıyam, futbolumuz Türkiyə futbolu ilə müqayisədə zəyifdir, amma, haqqımızda belə açıqlamalar qəbul olunmazdır. Axı, “kiçik qardaş” olsaq da, qürurumuz var və qürurumuz böyükdür. Sərgənin bu sözıərinə cavab olaraq, millimiz Türkiyəni Bakıda 1:0 məğlub etdi. Lakin, Sərgən oyundan sonra da, bizi təhqir etdi. “Azərbaycanı mən belə tək ayaqla məğlub edərəm” dedi. Bu da, uğurlarına öz uğurlarımız kimi sevinərək, küçələrdə qələbəsini qeyd etdiyimiz ölkə. Bizim “Neftçi” və “Qarabağ” Avropa Liqasının qrupuna qatılanda, sevinc və ya qürur hissi keçirdilərmi? Görmədim və eşitmədim.
Elə son günlərdə ölkəni və ölkə futbolunu sarsan, jurnalist Rasim Əliyevin öldürülməsi hadisəsi ilə bağlı xəbərlər də, Türkiyə mətbuatında bir mənalı nəşr olunmadı. “Türk bayrağını təhqir edən jurnalist öldürüldü” başlıqlı yazıları türklərin “eqo”sundan başqa bir şey deyildi. Bu yazılar və ifadələr özlərini ucaltmaq kimi bir “şey”lərdi. Cavid Hüseynovun Kiprə jest olaraq, Türkiyə bayrağına sarılıb, qələbəni qeyd etməsi bizim köhnə adətimizdir. Bəs, həmin gün Türkiyə, “Qəbələ”nin mərhələ adlamasına sevindimi? Bax bu sualın cavabı mənə həqiqətən də çox maraqlıdır. Bayraq hadisələri, 2009-cu ildə Bursada Türkiyə-Ermənistan oyununa, Azərbaycan bayrağı ilə gedənlərin əlindən bayraqların alınıb, zibil qutusuna atılaraq təhqir olunmağımızı xatırlatdı mənə. Ermənistan qarşısında Azərbaycan bayrağını dalğalandırmaqdan çəkinən ölkənin bayrağını biz bu gün Kipr qarşısında çiynimizdə daşıyırıq və bu jestlərimizdir ki, biz sanki, onlara borcluyuq fikirlərini formalaşdırıb.
Gələk əsas məsələyə, bu yazını yazmağıma səbəb olan hadisəyə. Dünən (19.08.2015) Türkiyənin “NTV Spor” tele kanalında yayımlanan “Qol” proqramında məşhur şərhçilər, Emek Ege və Güntəkin Onay Tofiq Bəhramovu təhqir etdi. Sosyal aləmdə geniş yayılan video görüntülər bir vətəndaş kimi mənə çox pis təsir etdi. Belə ki, iki şərhçi proqram əsnasında “1966 Dünya Çempionatı”nda Tofiq Bəhramovun verdiyi qol qərarı haqqında danışarkən, Emek Ege “Tofiq Bəhramov Bakıdakı stadionun adıdır” söyləyib və buna qarşılıq, Güntəkin Onay da “Sanki çox önəmli bir iş görmüş kimi, deyilmi?” ifadələrini səsləndirib. Güntəkin bəyə demək istərdim ki, həmin o qol qərarında önəmli olan qolun səhv və ya düz olmağı deyil, hakimin dünya çempionunu müyyənləşdirən həmin “cəsarətli” qərarıdır. Sizlərin yerə-göyə sığdıra bilmədiyiniz Cüneyt Çakırın Türkiyə super liqasında “Fənərbaxça”, “Beşiktaş” və “Qalatasaray” komandalarının əleyhinə haqlı qərarlar verməyə cəsarəti yoxdur. Dəfələrlə, bir futbol azarkeşi kimi Çakırın idarəçiliyi altında İstanbul derbilərini izləmişəm və hakimin oyunu qorxaraq idarə etdiyini görmüşəm. Hələ, 5 mart 2013-cü il Çempionlar Liqasının 16-da 1 mərhələsində “Mançester Yunayted”-“Real Madrid” qarşılaşmasını idarə edən Cüneyt, qərarı ilə “Mançester Yunayted”in qarşısını almışdı. “Şişirtmə” hakiminiz, sözü gedən oyunun 56-cı dəqiqəsində ingilislərin oyunçusu Luis Naniyə “sarı vərəqə” yerinə “qırmızı” göstərdi. Oyundan sonra Türkiyə mətbuatı və sizlər Cüneyt Çakıra təriflər yağdırdınız. Sanki çox önəmli bir iş görmüş kimi, deyilmi?
P.S. – Bir-iki danışığını və davranışını bilməyən şəxslərə görə qardaşdan üz döndərmək olmaz. Yenə də, “Türkün türkdən başqa dostu yoxdur”. Sadəcə, belə münasibətləri cavabsız qoyduqca, rahatlıq tapmamalıyıq.
https://youtu.be/MXaRldGKfQE
Elnur ORUCLU