Bu gün Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
Müşavirədə çıxış edən prezident İlham Əliyev bildirib ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkənin enerji təchizatında ciddi problemlər yaşanıb: “Lakin qısa vaxtda enerji təchizatı bərpa olunub”.
Qəzanın səbəblərinin araşdırılması ilə əlaqədar onun sərəncamı ilə Dövlət Komissiyasının yaradıldığını deyən İlham Əliyev artıq komissiyanın işə başladığını vurğulayıb.
Son 15 ildə ölkəmizin enerji sektoruna böyük investisiyaların qoyulduğunu, yeni elektrik stansiyalarının tikildiyini deyən dövlət başçısı bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxmasının çox ciddi suallar doğurduğunu bildirib.
Prezident İlham Əliyev, həmçinin, vurğulayıb ki, qəza nəticəsində sistemin sıradan çıxması ciddi faktdır, bununla bağlı əlavə tədbirlər görülməli, təkliflər verilməlidir.
Ölkə başçısı bu işdə günahı olanların müəyyən edilməsi və cəzalandırılması ilə bağlı ciddi tapşırıqlar verib.
Prezident yaranmış vəziyyətdə göstərdikləri köməyə görə Rusiya və Gürcüstana təşəkkür edib.
Bundan sonra Etibar Pirverdiyev vəziyyətlə bağlı çıxış edib. Çıxışı zamanı sözü tez-tez ölkə başçısı tərəfindən kəsilən “Azenerji”rəhbəri sərt suallara üzləşib.
Prezident “Siz utanmalısız” deyərək, Pirverdiyevdən niyə Azərbaycanın qaranlığa qərq olmasını soruşub: “Cavab verin ki, metrolarda insanlar niyə qaldı, niyə insanlara istilərdə bu əziyyəti yaşatdınız. İsti hava qəzanın səbəbi ola bilməz, cavab ver, nə üçün ölkəni qaranlıq bürümüşdü”.