Ötən gün Milan prokuroluğu İtaliya nümayəndə heyətinin AŞPA-dakı sədrinin müavini Luka Volenteye Azərbaycan rəsmilərindən 2,4 milyon avro rüşvət aldığı ittihamı ilə cinayət işi başlayıb. İtalyanlar bizimkilər kimi rüşvətxor olsalar da, niyə mənasız hay-küy qoparıb Luka Volente müəllimi tutmaq istəyirlər onu anlamağa çalışıram. Bəyəm İtaliyada bir dənə “ağıllı” yoxdurmu ki, çıxa Milan prokuruna izah edə ki, ay “ağıllı”, Luka müəllim rüşvət almayıb eee, 85 siyasi məhbusun “atışıb göndərdiyi şirinliyi” alıb, bundan ötrü belə biyabırçılığa nə gərək var axı? Hərdən hakimiyyətimizi monoton yaşadıqlarına, cəmiyyəti əsgər rejimində idarə etdiklərinə görə qınayıram. İndi bu italyanlara baxıb, yazıqlara haqq verirəm. Gör italyanlar nə qədər “çörəyi dizinin üstündə, nə qədər nanəcibdirlər” ki, 2.4 milyon “şirinliyə” görə, bizimkilərin adını ləkələməyə çalışırlar. Şəxsən özüm yuxumda görmüşdüm o “şirinliyin” necə verildiyini… Lazım gəlsə, Milan Prokurorluğunda şahid kimi ifadə verməyə də hazıram…Deməli, görürəm ki Milli Məclisinin işçiləri Elxan Süleymanov və Müslüm Məmmədov, soyuqdan büzüşə-büzüşə əllərində çamadan AŞPA-nın qabağında gözləyirlər. Birdən bu Luka müəllim gəlir, ikisi də xəcalət təri tökə-tökə yaxınlaşırlar ki, bəs:
“Luka müəllim bizim ölkəmizin ən bərkgedən Universitetinin – Kürdəxanı Siyasi Universitetinin “85 tələbəsi”, bizim ölkəmizin demokratikləşməsi, eləcə də Qarabağ Probleminin həlli üçün “göstərdiyimiz xidmətə” dəstək verdiyinizə görə, sizə minnətdarlıq edirlər. Hələ “tələbə” olduqlarına görə əlləri aşağıdır, özləri sizə pay-püş göndərə bilmədilər, amma “qayğıkeş və alicənab” prezidentimiz, təbrikdən hali olduqdan sonra onları pisikdirməmək üçün, alver elədiyi vaxtdan qəpik- qəpik yığdığı bu çamadanı göndərdi ki, sizə verək”. Elə bu dəm yuxudan ayıldım. Amma prezidentin pulu şirin şeydi axı, tez bərk-bərk gözlərimi yumdum ki görüm Luka müəllim pulu götürdü, yoxsa Elxanla və Müslüm bölüşdürür? Nə də olsa prezidentimiz göndərib, yolda niyə itsin ki? Gördüm ala gecikmişəm, arada nə söhbət olubsa, Luka müəllimlə bizimkilər mübahisə edir. Nə isə, başınızı nə ağrıdım, o deyir bu deyir, söhbət uzanır, bir onu gördüm ki, Elxan Məmmədov əsəbi-əsəbi Luka müəllimə qayıtdı ki, “ala Luka, sən öl, sən fikirləşən şey deyil, bizdə adət budu, mən indi sənə görə adətimi pozub, özüm də təzədən tələbə olası deyiləm ki? Biz kişiyik, bizdə kişi söhbəti bir dəfə olur. Ta vsyo, söhbəti bağla”. Kişi söhbətindən sonra Luka müəllimdə, təslim oldu, çamadanı alıb getdi”.
Mən də pulun dəqiq Luka müəllimə çatdığını görüb, bu dəfə əməlli başlı yuxudan durdum. Duran kimidə, elə palazda daldım xəyallara… Ürəyimdə dedim ki, “ya Rəbbim nə yaxşı ki bu yuxu idi. Əgər bu gördüklərimi gerçəkdə görsəm, şeytana uyub, mən də Luka müəllim kimi şübhəyə düşüb, ağlıma pis-pis şeylər gətirəcəkdim. Bizim “ağzıgöyçək, düşmən dəyirmanına su tökən” müxalifətçilər kimi, gül kimi hökümətimizin bu nəcib addımı haqqında qara fikirlərə bürünəcəkdim. Avropanın heç yerində olmayan, hətta paxıllıqdan niyə Azərbaycanda belə preizdent var, bizdə yoxdu?” deyib, əllərindən gələn pisliyi hökümətimizin şərəfli üzvlərindən əsirgəməyən Avropalılar kimi, prezidentimizə şər atıb, rüşvətxor olduğunu düşünəcəkdim. Ömründə əlləri dövlətin bir qəpiyinə dəyməyən,” dövlətin puluna qənaət etmək üçün, aldıqları maaşın yarısını Silahlı Qüvvələr Fonduna köçürüb, uşaqlarını “soldat” çəkmələrində böyüdən nazirlərimiz, onların müavinləri, ümumiyyətlə cənab prezidentimizin və onun xanımının ali nəslindən olan və onların yaxınlardan törəyənlərin işlətdiyi digər dövlət vəzifələrinin minlərlə zəhmətkeşinin haqqına girəcəkdim. Bu qədər müdrik və uzqgörən hakimiyyətimizin haqqında bu qədər cahil, qarafikirli olduğum üçün özümü qınayacaq, hətta vicdanım məni sakit buraxmasa, intihara belə əl atacaqdım.”
Elə beləcə fikirləşə-fikirləşə bir az da kövrəldim, bir az da qəribsədim. Yuxunun təsirindən, “şirinliyin” Luka müəllimə verilmə səbəbinə gözlərim yaşardı, millətçilik qanım cuşə gəldi. Özümü saxlaya bilmədim, gözümün yaşını silib gözlərimi yenə yumdum ki görüm Elxan müəllimlə Müslim müəllimdaha hansı xeyir əməl edəcəklər? Paaah, gördüm haman çamadandan biri, Elxan müəllimlə Müslüm müəllim boynunu büküb, indi də mənim qabağımda durublar. Elxan müəllim üzümə baxıb, “görürsən də nanəcibləri, başımıza nə iş açırlar? Elə ona görə batırlar, elə ona görə aclarından qırılırlar bunlar…
Bunlara bu da azdır…” Əllərindəki çamadanı göstərib qayıtdı ki, “sən canın bunu götür, “şirinlikdi”, yol pulu edərsən, özün şahidsən hər şeyə, get Milanda yuxuda nə görmüsən danış dedi. O an içimdə Avropalılara qarşı elə bir qəzəb, elə bir nifrət yarandı, inanın izah edə bilmərəm. Pulu alıb İtaliyaya getmək üçün yerimdən fırladım… Amma keşkə elə firlamasaydım. Ölkəmizin kosmik sürətlə inkişafına dəyib onu yavaşladan gözdən biri də mənə dəydi elə bil, başımı nəyə vurdumsa, nəhayət sərsəm ayıldım. Bu dəfə əməlli başlı ayıldım. Hələ da yatan, başı min yerə dəyən xalqım kimi yox, əməlli başlı…
“Demokratik İnteqrasiya Assosasiyası” İB sədri Qabil Əliyev ( 27.06.2016)