Bayram Məmmədov “Şirəli zəng elədilər ki,yuxarıdan tapşırıblar, narkotik çox qoyulmalıdır”

  Heydər Əliyevin heykəlinə siyasi şüar yazdıqdan sonra narkotik ittihamı ilə həbs olunan 21 yaşlı Bayram Məmmədov noyabrın 11-də məhkəməsində deyib…images-5

“Narkotik ittihamı üzrə özümü qətiyyən təqsirli bilmirəm. Mən Heydər Əliyevin heykəlinin postamentinə «Qul bayramınız mübarək!» yazdığıma görə həbs olunmuşam. Buna görə özümü məmnun hiss edirəm. Həyatımın ən böyük uğurlarından biridir. Burada danışacaqlarının  mənim xeyrinə olmayacağını, Qiyas kimi mənə də  sonda hakimin prokurorun istədiyindən çox cəza verəcəyini başa düşürəm. Bununla belə, susmaq istəmirəm: Sussam, «böyük qardaş» elə bilər ki, qorxuram, ondan mərhəmət istəyirəm. Siz hakimlər bu məhkəmədə öz iqtidarınızı itirmisiniz. Başqa məhkəmə işlərində iqtidarınızı qorumaq üçün verilən sifarişi yerinə yetirməlisiniz.  Bir daha deyirəm, əksəriyyətin «babası» olan, mənim isə heç kimim olmayan Heydər Əliyevin heykəlinin postamentinə «Qul bayramınız mübarək!» yazdığıma görə həbs olunmuşam. Yazmaqda məqsəd ölkədəki haqsızlığa və ədalətsizliyə etiraz etmək, həm də «böyük qardaşı» qəzəbləndirmək idi… O şüarı yazmaqda   məqsədimiz  vardı. Müxalif düşərgədə sakitçilik idi. Ortalığı qızışdırmaq lazım idi, katalizator özümüz olduq. İndi İstanbulda, Avropa ölkələrindəki heykəllərlə bağlı da eyni aksiyalar keçirilir. Biz Qiyas İbrahimovla birlikdə bir hərəkat başlatdıq.Narkotik ittihamına gəlincə, elə bil ki, qədim Yunanıstanda Zevsin heykəlini yazıb, kahinlərin əlinə düşmüşəm. İşin içində işgəncə altında alınmış ifadə olmalıdır. Mən mayın 9-da axşam 23 radələrində heykələ şüar yazdım, 10-da evimizə zəng gəldi, soruşdular ki, Bayramgilin evidir? Bildim ki, dünənkinə görə aparmağa gəlirlər. Evdən çıxan kimi ağ rəngli cip avtomobilində üç nəfər məni zorla mindirib 12-ci bölməyə apardı. İlk «döyüşlər» orada başladı. 7-8 nəfər düşdü üstümə. Əllərim bağlı vəziyyətdə davam edən «döyüş» təxminən bir saat çəkdi. Oradan «qorotdel»ə gətirdilər. «Döyüş»lərin 1/4 mərhələsi də burada davam elədi. Yarımfinal da Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama təcridxanasında oldu. Elə situasiya yaranır ki, adam hətta iki nəfərin ölümünü də boynuna götürmək məcburiyyətində olur. Elə dəyərlər var ki, onlardan keçmək olmur. Dubinka, elektroşok, ağzını bağlayıb ikinci mərtəbədən atmaq, valideynlərlə hədələmək… Gələn dəfə evdəkilər gəlməsə, bu barədə ətraflı danışaram”.

“Əvvəlcə üsümə  az miqdarda narkotik qoyulmuşdu, sonradan artırdlar.Şirəli adlı biri vardı, dedi ki, yuxarıdan tapşırıblar, çox qoyulmalıdır. Zəng elədilər ki, Pirşağıdan «mal» gətirin.”.

Daha sonra məhkəmədə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Şirəli Babayev, Naib Ömərov, əvvəl 12-ci bölmənin əməkdaşı olmuş, hazırda isə 32-ci bölmədə işləyən Fərid Babayev, hal şahidləri İntiqam Kərimov və Nizami Quliyev şahid kimi ifadə veriblər. Polislər iddia ediblər ki, Bayram əməliyyat məlumatı əsasında saxlanıldıqdan sonra birbaşa Bakı Şəhər Baş Polis İdarəsinə gətirilib.

Bayram bildirib ki, dindirilən polislər yalan danışır. Narkotiki də cibinə Naib Ömərov atıb.
N.Ömərov ifadə verib zaldan çıxanda Bayrama «Allah qapını açsın» deyib.