Sarkisyanın Moskvadakı ümidləri puç oldu

83042Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü barədə Rusiya tərəfi susqunluğunu saxlayır. Yalnız daha əvvəl bəyan edilmiş məlumatlar verilib. Qazın qiymətinin 25 dollar aşağı salınması və 200 milyon dollar kredit verilməsindən başqa heç nə deyilmədi.

Xebername.info Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı politoloq və millət vəkili Rasim Musabəyov deyib.

“Çoxdan həll olunmuş məsələlər barədə danışmaq ehtiyacı nədən yarandı ki? Belə çıxır ki, Serj Sarkisyan əsas məsələdən danışa bilmir. Lakin susqunluq onun üçün sərf eləməyən ehtimallar dalğasını ortaya çıxaracaqdı. Elə ona görə də Sarkisyan boşuna “bla, bla, bla…” etdi”, – o əlavə edib.

Politoloq deyir ki, prezidentlərin görüşünün nəticəsi barədə Ermənistan KİV-də aşağıdakı sitatlar gətirilir:

“Azərbaycan tərəfi iri çaplı odlu silahlarla yanaşı artilleriya da istifadə edir. Təbii ki, biz də cavab verməli oluruq. Mən bu barədə KTMT-nin Düşənbədə keçirilən sammitində ətraflı danışmışam”.

Rasim Musabəyov deyir ki, bu sözlərdən məlum olur ki, Rusiya prezidenti bu şikayətləri qulaqardına vurub.

“Maraqlıdır, görəsən, Sarkisyan KTMT-də kimdən kömək gözləyir? Prezidentləri Azərbaycanla həmrəy olan Qazaxstan və Belarusiyadan? Yoxsa Azərbaycanla əlaqələri Ermənistanla əlaqələrdən daha önəmli olan Qırğızıstan və Tacikistandan? Düşünürəm ki, Sarkisyan Ermənistan əhalisinə artıq bildirməlidir ki, Azərbaycanla qarşıdurmada heç bir beynəlxalq dəstək olmayacaq. “Ermənistan ordusunun Azərbaycan torpaqlarında nə işi var?” sualının cavabını verməkdənsə, KTMT haqqında nağıllar danışılır”, – politoloq vurğulayıb.

Mətləb BALAKİŞİYEV