Gültəkin Hacıbəyli: «Qlobal Maqnitski qanununun əhatə dairəsinə düşmək baxımından Azərbaycan ilk yerdədir»
Trampın seçkidə qalib gəlməsi avtoritar rejimlərdə müəyyən gözləntilər yaratmışdı. Belə düşünülürdü ki, yeni adminstrasiya demokratiya, insan haqları məsələsində loyallıq nümayiş etdirəcək. Amma reallıq tam fərqlidir. Belə ki, ABŞ Konqresi icra hakimiyyətinin bütün dünyada korrupsiyaya uğramış, dövlət əmlakını mənimsəyən və jurnalistləri və hüquq müdafiəçilərini təqib edən məmurlara qarşı sanksiyalar tətbiq etmək hüququnu genişləndirən tarixi qanun layihəsini dəstəkləyib. Qlobal Maqnitski Qanunu imzalanması üçün ölkə prezidentinə təqdim ediləcək və ilin sonuna qədər imzalanacağı gözlənilir. Bundan sonra Administrasiya təkcə insan hüquqlarını pozanlara qarşı sanksiyalar qoymaq hüququ əldə etməyəcək, həm də Konqresin bu cür pozuntuları araşdıracaq şəxsləri təyin etməsində iştirak edəcək
Bir vaxtlar “Maqnitsk Qanunu” deyəndə göz önünə Rusiya gəlirdi, indi isə bu qanun bütün dünyaya şamil edilir. Maraqlısı budur ki, qanunun müəllifləri senator Ben Kardin və konqresmen Kris Smitdir. Onlar Azərbaycan hökumətini, Azərbyacan hökuməti də onları yaxşı tanıyır. Bu adamalr Azərbaycan hökumətinə qarşı sanksiya təşəbbüsü ilə çıxış ediblər, hakimiyyətin anti-demokratik siyasətinə sərt təpki göstəriblər.
Belə olan halda Azərbaycan hökuməti repressiya siyasətini davam etdirdikcə, onu nə gözləyə bilər?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Maqnitski qanunu bilavasitə Rusiya ilə bağlı qəbul edilmişdi. Buna səbəb Sergey Maqnitskinin qətli idi. G.Hacıbəyli bildirdi ki, bu qanun layihəsi Rusiyada insan haqlarını pozan şəxslərin cəzalandırılmasını nəzərdə tuturdu: «Amma qlobal Maqnitski aktı isə Rusiyadan kənar ölkləri əhatə edəcək. Bu qanun layihəsi bütövlükdə dünyada insan haqlarının düşmənlərini hədəf seçib. Bu gün dünyda insan hüquqlarının vəziyyətinə nəzər salsaq, görərik ki, həmin qanunun əhatə dairəsinə düşmək baxımından Azərbaycan ilk yerdədir. Nəzərə alsaq ki, Şimali Koreyaya bu qanunun təsir imkanları məhduddur. ABŞ-la starteji tərəfdaşlıq münasibətləri olan ölkələr arasında heç şübhəsiz ki, insan hüquqlarının pozulmasına, demokratiyanın vəziyyətinə görə ən acınacaqlı durumda olan ölkə Azərbaycandır. Hətta indiyə qədər Avropada diktatura rejimi kimi qəbul edilən Belarusun özündə belə insan haqlarının vəziyyəti Azərbaycandan daha yaxşıdır. Ən azı bu ölkədə siyasi məhbus yoxdur. Azərbaycanda isə 150-yə yaxın siyasi məhbus var. Bu baxımdan qanunun təsir dairəsi ilk növbədə Azərbaycana şamil ediləcək. Xüsusilə onu da nəzərə almaq lazımdır ki, bu qanunun hazırlanmasında Ben Kardinin və Kristofer Smitin böyük rolu olub. Onların hər ikisi isə Azərbaycanda insan hüquqlarının vəziyyətini gözəl bilən insanlardır».
G.Hacıbəyli onu da bildirdi ki, bu qanunun icrası ilə bağlı Azərbaycanı ümidləndirən başqa məqamlar da var: «Bu qanun imkan verir ki, senator və konqresmenlərlə yanaşı, nüfuzlu beynəlxalq insan haqları qurumları da belə bir siyahıyla çıxış etsinlər. Nəzərə alsaq ki, bütün dünyada insan hüquqları təşkilatı kimi tanınan bütün qurumlar Freedom House, Amnesty International, Human Rights Watch Azərbaycanda insan haqlarının vəziyyətinə görə həyəcan təbili çalırlar. Bu baxımdan düşünürəm ki, biz yaxın zamanlarda bu istiqamətdə ciddi addımların şahidi olacağıq».