Sabiq MTN generalı, adıçəkilən qurumun Maddi Texniki-Təchizat Baş İdarəsinin keçmiş rəisi Nizaməddin Həmidov sahib olduğu bəzi market və ticarət mərkəzlərindən məhrum ola bilər.
Bu barədəModerator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, “MTN işi”nin dərinləşməsi N.Həmidovun Sabunçu rayonundakı obyektlərinin taleyi üçün ciddi təhlükə yaradıb:
“Sabiq MTN generalına məxsus əsas ticarət və tikinti obyektlərinin bir qismi Sabunçu rayonunun ərazisində yerləşir. Bu obyektlərin sırasına Sabunçu Ticarət Mərkəzi, “Bərgüşad” marketi və s. daxildir. Sabunçu bazarının arxasında inşa edilən 20 mərtəbəli göydələn də N.Həmidova məxsus tikinti obyektlərinin siyahısına daxildir.
Məlum “MTN işi” ilə bağlı Eldar Mahmudov komandasına daxil olan bir çox generalın məsuliyyətə cəlb edilməsi, hələlik azadlıqda qalan generalların qanunsuz əməlləri ilə bağlı əldə edilən informasiyaların çoxalması həmin generalların azadlığı kimi sərvətinin də taleyini sual altında qoyub. Hazırda taleyi ipdən asılı vəziyyətdə olan generallardan biri də ləğv edilən MTN-nin Maddi Texniki-Təchizat Baş İdarəsinin keçmiş rəisi general N.Həmidovdur. Sabunçu rayonu ərazisində xeyli obyektə sahib olan N.Həmidovun əsas obyektlərinə dövlət tərəfindən əl qoyulması ehtimalı getdikcə artır ki, bu da sabiq MTN yetkilisi tərəfindən ciddi təlaşla müşahidə edilir. İlkin mərhələdə sabiq MTN generalının Sabunçu Ticarət Mərkəzi və “Bərgüşad” marketi ilə vidalaşacağı gözlənilir. Sabunçu bazarı arxasındakı tikilməkdə olan yaşayış binasının da N.Həmidovun əlindən alınacaq ilk obyektlərdən biri olacağı ehtimal edilir”.