Vahid Mustafayev:“Bizi öldürməyin, qoyun yaşayaq, sabah yenə bizə ehtiyacınız olacaq”
“ANS-in təxminən min nəfər əməkdaşı işsiz qalıb, ağır vəziyyətdədir. Onların arasında ağır xəstəsi olan var. Bir neçə əməkdaşımızın yaxınları xərçəng xəstəliyindən əziyyət çəkir, onların müalicəsinə pul lazımdır. Biz oğru deyilik, rüşvətxor deyilik, dövlət təşkilatı deyilik ki, büdcədən pul oğurlayaq. Biz indi sizə padşah kimi baxırıq. Siz də padşahsınızsa, heç olmasa, öz nökərlərinizi fikirləşin, adamları küçələrdə ac qoymayın. Bizi öldürməyin, qoyun yaşayaq, sabah yenə bizə ehtiyacınız olacaq. Bir az mərhəmətli olun. Nəzərə alın ki, biz də adamıq, biz də bu ölkənin vətəndaşlarıyıq, sabah bizə ehtiyacınız ola bilər…”
Bunu ANS-in prezidenti Vahid Mustafayev dünən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “ANS ÇM” radiosunun lisenziyasının dayandırılması ilə bağlı prosesdə çıxış edərkən deyib. Məhkəmə prosesi “ANS ÇM”in Teleradio Şurasına qarşı iddiası əsasında keçirilib. Şura iyulun 18-də ANS telekanalı ilə yanaşı, radionun da lisenziyasının ləğvi barədə qərar çıxarıb. İndi “ANS ÇM” məhkəmədən həmin qərarın etibarsız sayılmasını və Teleradio Şurasından 1 milyon kompensasiya tutulmasını tələb edir.
Hakim Elçin Məmmədovun sədrliyilə keçirilən məhkəmə iclasında “ANS ÇM”in nümayəndələri bir sıra vəsatətlər qaldırıblar. Birinci vəsatət 18 iyul 2016-cı il tarixli qərarın icrasının dayandırılması, cavabdehin üzərinə radionun fəaliyyətinin bərpası barədə öhdəlik qoyulması haqda olub.
“Teleradio Şurasının hərəkətləri nəticəsində ANS-ə və onunla əlaqəli olan digər qurumlara külli miqdarda ziyan dəyib. Minə yaxın əməkdaşımız işsiz qalıb. İddiaya baxılıb qərar qəbul edilməsi, onun qüvvəyə minməsi xeyli vaxt aparacaq. Həmin müddətdə şirkətə ziyan dəyməkdə davam edəcək. Ona görə də xahiş edirik, müvəqqəti xarakterli müdafiə tədbiri kimi, radionun fəaliyyətinin bərpası barədə qərardad qəbul edəsiniz”, – deyə “ANS ÇM”in nümayəndəsi, vəkil Raqif Mustafayev bildirib.
Teleradio Şurasının nümayəndəsi Toğrul Məmmədov bu vəsatətin əsassız olduğunu bildirərək, onun təmin olunmamasını xahiş edib.
Hakim E.Məmmədov bildirib ki, növbəti iclasda bu məsələ ilə bağlı qərar veriləcək.
“Hamıya demək istəyirəm ki, bugünkü hərəkətlərinə görə ehtiyatlı olsunlar”
Raqif Mustafayev onu da qeyd edib ki, “ANS ÇM”in lisenziyasının ləğvinə dair Teleradio Şurasının qərarını indiyə qədər almayıblar.
Vahid Mustafayev də onun dediklərini təsdiqləyib: “Bizə heç bir qərar verilməyib. Polislər gəlib, qanuni əsas olmadan bizi çıxarıb, qapıları bağlayıblar. Bu günə qədər ora daxil ola bilmirik, hətta xadimələrimiz belə girib təmizlik işi aparmaq imkanından məhrumdur”.
V.Mustafayev onu da qeyd edib ki, prezidentin 1 iyun 2016-cı il tarixli sərəncamı ilə lisenziyanın verilib-alınması səlahiyyəti İqtisadiyyat Hazirliyinə verilib. Ona görə də Teleradio Şurası “ANS ÇM”in lisenziyasını ləğv edə bilməzdi: “ANS ÇM regionda ilk müstəqil, Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radiodur. Hamıya demək istəyirəm ki, bugünkü hərəkətlərinə görə ehtiyatlı olsunlar. Elə olmasın ki, sabah xalqın qarşısında bugünkü hərəkətlərinə görə peşman olsunlar”.
“Bütün bədənim tikə-tikədi”
Məhkəmədə davranışla əlaqədar hakim V.Mustafayevə irad bildirib. AHS-in prezidenti irada belə cavab verib: “Biz cəbhələrdə olmuşuq, məhkəmə zallarında yox. Bütün bədənim tikə-tikədi, kontuziya almışam. Əvvəlcədən sizdən üzr istəyirəm ki, davranışımda müəyyən səhvlər ola bilər”.
“ANS ÇM”in digər nümayəndəsi Sevda Məhərrəmova “ANS Kommers” şirkətinin üçüncü tərəf kimi məhkəməyə cəlb olunması barədə vəsatət qaldırıb. Bildirib ki, Teleradio Şurasının qərarı bu şirkətin də maraqlarına ciddi zərbə vurub, onu ziyana salıb. S.Məhərrəmovanın sözlərinə görə, “ANS ÇM”lə bu şirkət arasında müqavilə olub. Müqaviləyə əsasən, “ANS ÇM”də reklam yerləşdirmək səlahiyyəti yalnız bu şirkətdə olub. Şirkət də öz növbəsində müxtəlif qurumlarla reklamlarının bu radio stansiyada yerləşdirilməsi barədə müqavilələr bağlayıb və radionun fəaliyyətinin dayanması ilə həmin qurumlar qarşısında pis vəziyyətdə qalıb.