Saakaşvili Azərbaycanda işləmək təklifini qəbul edərmi?

 

Xəbər verdiyimiz kimi, bu gün Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili istefa verdi. Saakaşvilinin istefa xəbərinin ardınca Moderator.az-a adının açıqlanmasını istəməyən mənbə tərəfindən maraqlı məlumat daxil oldu. Mənbənin bildirdiyinə görə, Odessadakı bir qurup azərbaycanlı iş adamı Saakaşviliyə Azərbaycana gedərək orada vəzifə sahib olmağı təklif edəcəklər. Əgər Saakaşvili buna razılıq versə, həmin sahibkarlar Azərbaycan iqtidarı ilə Saakaşvili arasında vasitəçilik yaradaraq tərəflər arasında danışıqlar təşkil edəcəklər.
Maraqlıdır, bu məlumat doğru olarsa,Saakaşvili Azərbaycanda işləmək təklifini qəbul edərmi?
Moderator.az məsələ ilə bağlı siyasi ekspert İlham İsmayıldan münasibət öyrənib.
İ.İsmayıl bildirib ki, görünür bu informasiyanı verən kəslər Saakaşvili şəxsiyyətini, onun istefasının əsil mahiyyətini sonadək dərk etmək imkanında deyillər:
“Birinci, Saakaşviliyə vəzifə lazım olsaydı, 33.000 kv.kilometr ərazisi olan Odessa vilayətinin qubernatorluğundan niyə istefa verirdi ki? İkinci, korrupsiyaya qarşı etiraz əlaməti olaraq istefa verən Saakaşvili niyə Azərbaycandan vəzifə istəsin, ya umsun? Korrupsiya gölməçəsinə etiraz edən şəxs heç korrupsiya dənizinə girərmi? Azərbaycan iqtidarı ilə Saakaşvili barədə danışıqlar, körpü yaratmaq kimi missiyanı üzərinə götürən azərbaycanlılar Saakaşvili üçün iqtidardan hansı vəzifəni xahiş edəcək? SOCAR-a prezidentliyi, yoxsa Pirallahının icra başçılığını? Əgər Odessadakı azərbaycanlı biznesmenlər belə körpü yarada biləndilərsə, elə özlərini xahiş etsinlər də. İqtisadi böhran yaşayan Azərbaycana investisiya qoysunlar, bizneslərini vətənə köçürsünlər. Gələrlərmi? Heç vaxt. Burda vəziyyətin necə olduğunu yaxşı bilirlər, sərf etməz onlara. Kəsəsi, nə Saakaşvili Azərbaycana gələsidi, nə də burdakılar onu gözləmir. Hər iki tərəfə sərf etmir”.