Şəhid Təbriz Mustafazadənin övladları bundan sonra bizlərə əmanət – Bakı Atatürk Liseyinin rəhbəri


Türk Dünyası Araşdırmalar Vəqfinin mərhum təsisçisi və rəhbəri professor Turan Yazqan 24 il əvvəl Bakıda ən böyük arzusunu gerçəkləşdirdi. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyan Atatürk Liseyini təsis etdi. Uzun illər bu liseydə azərbaycanlı uşaqlar ödənişsiz şərtlərlə təhsil aldılar. Bu lisey Azərbaycan üçün həm savadlı, həm də düzgün əxlaqlı, vətəni, milləti üçün canından keçməyə hazır olan şagirdlər yetişdirdi. Liseyin məzunları dünyanın nüfuzlu universitetlərinin tələbələri oldular. Ancaq Türk sevdalısı Turan Yazqan vəfat etdikdən sonra lisey sıxıntılı günlərini yaşamağa başladı, hər il də bu sıxıntılar getdikcə artmağa başladı. Liseydə təhsil alan şagirdlərin valideynləri məktəbin bağlanmaması üçün cüzi miqdarda olsa belə maddi yardım etdilər, bacardıqları qədər köməklik göstərdilər.

Ötənilki dərs ilinin sonunda Türkiyənin TİKA şirkəti tərəfindən liseyin icarəyə götürdüyü bina yüksək səviyyədə təmir edildi. Binadakı bütün avadanlıqlar dəyişdirildi, yüksək texnologiyalara cavab verən müasir ləvazimatlar quraşdırıldı. Fənn kabinetləri, laboratoriyalar yaradıldı, bütün siniflərdə yüksək sürətli internetə qoşulmuş elektron lövhələr quraşdırıldı. Beləliklə də bu il liseyin şagirdləri üçün qayğı və problemlərdən uzaq bir dərs ili başladı. Ancaq təəssüf ki, dərs ili bitməmiş xəbər yayıldı ki, Atatürk Liseyi bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb.
Son günlər Bakı Atatürk liseyi ilə bağlı yayılmış bu xəbərlərə Türk Dünyası Araşdırmaları Vəqfinin hazırkı rəhbəri, mərhum professor Turan Yazqanın oğlu  Közhan Yazqanla aydınlıq gətirmək qərarına gəldik.
– Közhan bəy, ilk öncə onu qeyd edim ki, aprel ayının əvvəllərindəki Qarabağdakı dörd günlük savaş müddətində Bakı Atatürk Liseyinin şagirdləri təqdirəlayiq böyük mənəvi dəstək nümayiş etdirdilər. Bu işdə sizin hər hansı təlimatınız olmuşdumu?
– Mərhum atam Turan Yazqanın Bakıdakı Atatürk Liseyini açmasından 24 il keçdi. Məktəbi açmağımızın qayəsi Türk dünyasına xidmət etmək idi. Biz şagirdlərimizi o xidmət qayəsinə uyğun şəkildə yetişdirmişik və yetişdirməyə davam edəcəyik. Qarabağ ən həssas məsələmizdir. Türk dünyasındakı digər məktəblərimiz kimi Atatürk liseyinin bütün şagirdləri də Qarabağı təkrar Azərbaycana birləşdirmə inancı ilə yetişməkdədir. Orada yetişən şagirdlərimiz   bu istiqamətdə hər cür fədakarlığa hazır olan insanlardır. Müəllimlərimiz şagirdlərimizi bu şüurda yetişdirirlər, valideynlərimiz də eyni həssaslığı daşıdıqlarına görə övladlarını bizim məktəbdə oxutmağa can atırlar. Söhbət şəhidlərdən gedirsə, əmin olun ki, şagirdlərimiz şəhidlərimizin ruhunu şad etmək üçün əllərindən gələn hər şeyi etməyə hazırdırlar. Onların göstəmiş olduğu dəstəyi, həssaslığı biz də internetdən öyrəndik və çox duyğulandıq. Bu işdə onları heç kim təlimatlandırmayıb, hər şey çox təbii şəkildə baş verib. Biz də əlbəttə ki, əlimizdən gələn dəstəyi verməyə hazır idik.
– Türk Dünyası Araşdırmaları Vəqfi şəhid pilotumuz Təbriz Mustafazadənin liseydə təhsil alan iki övladının bütün təhsil xərclərini qarşılamağı üzərinə götürdü. Bu kimin qərarı oldu? 
Şəhid pilotun övladlarının bundan sonrakı bütün təhsil xərclərini biz öz öhdəmizə götürmüşük. Nəinki liseydə oxuduqları müddətdə, eləcə də ali təhsil, hətta magistratura təhsili aldıqları müddətcə də bütün təhsil xərcləri Vəqfimiz tərəfindən qarşılanacaq. Şəhid Təbriz Mustafazadənin övladları bundan sonra bizlərə əmanət və onların bundan sonra hər hansı sıxıntı yaşamamaları üçün el birliyi ilə əlimizdən gələni etməliyik.
Mənə ən çox təsir edən məqamlardan biri məktəbimizdə təhsil alan övladlarımızın milli ruhda yetişməsini görməkdir. Hər il həm liseyimizdəki buraxılış mərasimlərində, həm də Dövlət İqtisad Universitetindəki fakültəmizin məzuniyyət gecələrində iştirak edirəm. Orada övladlarımızın milli duyğularla yetişməsini görmək məni çox şad edir və hər mərasimdən çox gözəl duyğularla ayrılıram. Orada bizə deyirlər ki, uşaqları əcnəbi sevgisiylə yetişdirən məktəblər hələ də fəaliyyət göstərir. Bu, əlbəttə ki, bizi məyus edir. Kaş ki, biz Türkiyədə, Azərbaycanda və bütün Türk dünyasında milli və dini duyğuları bütöv olan şagird və tələbələr yetişdirə bilək.
– Közhan bəy, liseyin bağlanma təhlükəsi ilə üz-üzə qalması barəsində xəbərlər alırıq. Bu xəbərlər doğrudurmu?
– Biz pulsuz təhsil veririk, ancaq artıq Vəqf olaraq imkanlarımız çox azalıb. Azərbaycandan da heç bir dəstək görmürük. Sıxıntılarımız çoxdur, təhsilə dəstək olmaq üçün cüzi miqdarda dəstək alaraq işlərimizi davam etdirmək istəyirik. Ancaq bir çox bürokratik əngəllər çıxıb ki, hazırda onları həll etməyə çalışırıq.
– Nə kimi əngəllərdir, bilmək olarmı?
– Yay tətilində məktəbimizi təmir etdirib tamamilə yenidən qurduq. Lisenziya ala bilməyimiz üçün tələb edilən bütün şərtləri yerinə yetirdik. Ancaq təəssüf ki, hələ də lisenziyamızı ala bilməmişik. Bu il lisenziyamızı ala bilsək çox cüzi maddi dəstəklə Azərbaycan uşaqlarına təhsil verməkdə davam edəcəyik. Lisenziya məsələsində işlər çox yavaş gedir. Bu ayın sonuna qədər lisenziya işini həll edə bilməsək Bakı Atatürk Litseyini yaşatmağımız çox çətin olacaq.

– Dövlət İqtisad Universitetindəki fakültənizdə işlər necə gedir?
– Orada da tamamilə pulsuz təhsil verməkdəyik və verməyə davam edəcəyik. Universitet bizə dəstək verdi, buradan göndərdiyimiz müəllimlərin əmək haqlarını biz veririk, fakültədə işə qəbul edilən Azərbaycan vətəndaşlarının maaşlarını isə universitet ödəyir. Buna görə universitet rəhbərliyinə təşəkkür borcumuz var.
– Lisenziya alacağınız təqdirdə nə kimi yeni planlarınız var? 
– Lisenziyamızı ala bilsək Bakıda əlavə bir lisey də aça bilərik. Sonrakı hədəflərimizdən biri isə Gəncədə də məktəb açmaqdır. Həmçinin tələbat çox olan başqa bir bölgədə də məktəb açmağı düşünürük.
Moderator.az