Sədərək bazarında işləyən sahibkar Sovzəliyev Ceyhun Nazir oğlu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olan Gilan Holdinqdən narazıdır. Şikayətçinin sözlərinə görə onun parça satışı ilə məşğul olduğu dükanında malları daimi olaraq Gilan holdinqə məxsus firmalardan alırmış. Lakin ölkədə manatın qiymətdən düşməsi ilə yaranmış devalvasiyadan sonra onun şirkətə olan 220 min manatlıq borcu birdən-birə qaldırılaraq 400 min manata çatdırılıb: “Mənə zəng edib təcili Gilanın firmalardın biri olan və parça satışı ilə məşğul olan firmaya çağırdılar. Devalvasiyadan qabaq onlardan mal almışdım və 220.000 manat borcum vardı. Bu adı haldı çünki adətən əvvəlcə malı borca alıb, satandan sonra pulunu verirdik. Amma bu dəfə mənə dedilər ki, sənə verdiyimiz parçanın qiymətində dəyişiklik var. Necə dəyişiklik olduğunu öyrənmək istəyəndə dedilər ki, sənə verdiyimiz malın qiyməti manatın dollara nisbətən qiymətdən düşməsinə görə qalxıb. Necə qalxıb soruşduqda onlara daha 180 min manat əlavə borcum olduğunu dedilər. O anda az qala dəli olmnuşdum” – deyə Ceyhun bildirir.
İş adamının sözlərinə görə, o aldığı parçaları manatla alıb və buna görə də heç bir əlavə pul ödəməli deyil: “mən nə almışamsa hamısını manatla almışam, dollar ya avro ilə almamışam ki, borcum artsın. Amma mənə orda rəhbərlik edən Kənan müəllim adlı adam dedi ki, onların xaricdən ölkəyə gətirdikləri məhsulların qiyməti qalxıb. Ona görə də mən də 2 dəfəyə qədər artıq pul ödəməliyəm. Amma dedim ki, bunu heç olmasa növbəti dəfələrdən tətbiq edin, axı mən o qədər artıq pulu hardan tapacam ki sizə ödəyim deyə soruşanda mənə cavab verdilər ki, bu sənin problemindir və pulun artığını ödəmək üçün 2 ay vaxtın var” – iş adamı bildirib. Bu problemin həll edilməyəcəyi və haqsızlığın davam edəcəyi təqdirdə Sovzəliyəv ölkə rəhbərliyinə yardım üçün müraciət edəcəyini deyib.