İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizm dəyişdirilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı yeni “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi hazırlanıb.
Qanun layihəsi Milli Məclisin payız sessiyasında qanunvericilik işləri planına daxil edilib.
Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.
“Azərbaycan Avropa Məhkəməsinin qərarlarının qeyd-şərtsiz icrası barədə öhdəlik götürüb”
Hüquqşünas Əsabəli Mustafayev hesab edir ki, bu qanun layihəsi qəbul edilsə belə Avropa Məhkəməsinin qərarlarının böyük hissəsinin icrasına heç bir təsiri olmayacaq. O, bu haqda “facebook” səhifəsində yazıb:
“Məncə, bu qanunun qəbulu daha çox Avropa Məhkəməsinin Azərbaycana qarşı Ermənistanın xeyrinə, habelə “dərhal azad edilsin” kimi qəbul edə biləcəyi qərarlarının icrasına yönəlib. Ancaq belə qərarların icrasından imtina ölkə üçün çox ciddi problemlər yarada bilər. Çünki ölkə Avropa Məhkəməsinin qərarlarının qeyd-şərtsiz icrası barədə öhdəlik götürüb”.
“AM-in qərarının icrasından imtina ölkənin xaricdə olan maliyyə vəsaitləri və mülkiyyətinə həbs qoyulması ilə nəticələnər”
Əsabəli Mustafayev bildirir ki, Konvensiyada və ya Məhkəmənin Reqlamentində icradan imtina imkanı nəzərdə tutulmayıb:
“Hesab edirəm ki, Avropa Məhkəməsinin qəbul edəcəyi qərarların əksəriyyəti üçün icra edilməmə təhlükəsi olmayacaq. Bundan başqa, qərarda nəzərdə tutulmuş kompensasiyanın vaxtında ödənilməməsi ilkin mərhələdə məbləğin üzərinə faizlərin hesablanması və sonda ölkənin xaricdə olan maliyyə vəsaitləri və mülkiyyəti üzərinə həbs qoyulması ilə nəticələnə bilər. Hökumət belə qarşıdurmaya getməyəcək. Məsələn, Rusiya oxşar qanun qəbul etsə də Avropa Məhkəməsinin hər hansı bir qərarının icrasından imtina etməyib. Ən azı məndə belə bir məlumat yoxdur”.