Azərbaycanda insan haqlarının kütləvi şəkildə pozulmasına, prokurorluq orqanlarındakı qanunsuzluqlara etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən siyasi bəyanatla istefa verən və bundan az sonra həbs olunan Rüfət Səfərov da “Turan” informasiya agentliyi ətrafında baş verənlər, agentliyin rəhbəri Mehman Əliyevin həbsini pisləyib. Bu haqda “Azadliq.info”ya Rüfət Səfərovun vəkilləri məlumat verib.
Keçmiş müstəntiqin vəkilləri Bəhruz Bayramov və Yalçın İmanov avqustun 29-da 9 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb. Müdafiəçilərin sözlərinə görə, Rüfət Səfərov Mehman Əliyevin həbsini Azərbaycan hakimiyyətinin ölkədə müstəqil mediaya qarşı hüqumlarının növbəti mərhələsi kimi qiymətləndirib. Deyib ki, hakimiyyət ölkədə azad mətbuatın son işartılarını da məhv eləməyə çalışır: “Amma tarix sübut edir ki, buna nail olmaq mümkün deyil”.
“Ümumilikdə Rüfətin vəziyyəti yaxşısır. Saxlanma şəraitindən narazılığı yoxdur, əhval-ruhiyyəsi də nikbindir”, – deyə vəkil Yalçın İmanov bildirib.