Müsahibimiz ictimai fəallığıyla seçilən kiçik sahibkar Elvin Məmiyev korrupsiyanın fəsadlarından danışdı:
– Sizcə, korrupsiyanı yaradan səbəblər hansılardır? – Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra korrupsiyaya qarşı sözdə mübarizə aparılsa da, əməldə yenə də qanunsuzluqlar davam etdi. Məsələn, 30-40-cı illərdə Stalinin və Bağırovun hakimiyyəti dövründə korrupsiya halları zor gücünə xeyli dərəcədə azalmışdı. Həmin dövrdə ölkədə sərt qayda-qanunlar hökm sürürdü. Faşizmə qarşı ağır müharibə aparıldığı bir vəziyyətdə mənəvi dəyərlər ön plana çıxmışdı, həm də, vətəndaşlar bir-birinin hərəkətlərinə daha çox nəzarət edirdi. Nəhayət müharibə şəraitinin ağır qanunlarının hökm sürdüyü bir yerdə o qanunları pozanların sərt cəzalandırılmasından doğan qorxu hissi kimi faktorlar vardı. Amma sonrakı illərdə korrupsiya yenidən çiçəkləndi. Korrupsiyanın güclənməsində digər faktorların da əhəmiyyətli rolu var ki, onların sırasında məmurların maaşlarının azlığı, qanunvericiliyin mükəmməl olmaması, ictimai nəzarətin yoxluğu, maddi dəyərlərin mənəvi dəyərləri üstələməsi kimiləri qeyd etmək olar. Amma vəziyyət yenidən dəyişdi. 1993-cü ildən sonra korrupsiya cəmiyyətin bütün sahələrinə sıçradı. Korrupsiyanı yaradan əsas səbəblər hakimiyyətin avtoritarlaşması, inhisarçılığın artması, qanunverici hakimiyyətinin asılı vəziyyətə düşməsi, məhkəmələrin müstəqil olmamasıdır. Əliyev rejimi Azərbaycanda hakimiyyəti ələ aldıqdan sonra korrupsiyalaşmamış sahə qalmadı.
– Korrupsiyaya qarşı mübarizədə hazırki qanunvericilik bazasını yetərli hesab etmək olarmı? – Azərbaycanda qanunvericilik Avropa standartlarına uyğunlaşdırılsa da, onun icra vəziyyəti yetərli deyil. Çünki qanunların icrasına nəzarət edən dövlət qurumlarının özləri əksər hallarda korrupsiyaya bulaşır. Korrupsiya faktına görə vəzifəli şəxs cəzalandırılır, vəzifəsindən azad olunur. Onun yerinə təyin olunan yenisi də bir müddət sonra sələfinin qanunsuz əməllərini təkrarlayır. Deməli, qanunvericilik bazasının təkmil olması ilə kifayətlənmək olmaz. Korrupsiyanı aradan qaldırmaq üçün ilk növbədə siyasi iradə lazımdır. Həmçinin yaxşı olardı ki, rüşvət təklif edən və verən rüşvət alandan daha sərt cəzalandırılsın. Fikrimcə, bu, çox yaxşı effekt verərdi.
– Belə bir təklif də var ki, korrupsiyaya yol vermiş şəxslərin reyestri aparılsın və onlar gələcəkdə dövlət orqanlarına işə götürülməsin. Bu, nə dərəcədə effektli ola bilər? – Əminəm ki, bu həddən artıq effektli metod olardı. Korrupsiya dövlətin, cəmiyyətin ən böyük bəlası, bütün problemlərin birbaşa və ya dolayı baiskarı olduğu üçün ona qarşı bütün metodlar məqbuldur. Korrupsiyaya yol verən şəxslərin adı, vəzifəsi, şəkli mətbuatda mütəmadi verilməli, onlar necə deyərlər tarixə həkk edilməlidir. Belələrini qətiyyən bir daha dövlət işinə götürmək olmaz. Bu, həm çəkindirici vasitə olar, həm də cəmiyyətdə dövlətə inamı artırar.
– Korrupsiyanın aradan qaldırılması üçün siyasi iradəni yetərli sayırsınızmı? – Mənə elə gəlir ki, hakimiyyətdə korrupsiyaya qarşı mübarizədə müxtəlif yanaşmalar, parçalanmalar var. Hakimiyyətin islahatçılar qanadı korrupsiyaya qarşı sərt mübarizənin aparılmasının tərəfdarlarıdır. Çünki onların əllərində geniş imkanlar yoxdur. Məsələn, hansısa diplomatın, səfirin və ya fəaliyyət sferasında korrupsiyaya qurşanmaq üçün imkanları olmayan şəxs, əlbəttə ki, nəzarətin gücləndirilməsinin tərəfdarıdır. Amma hər gün sahibkarlarla, gəlirli sahələrin nümayəndələri ilə təmasda olan şəxs üçün mövcud durum əlverişli və sərfəlidirş
– Sizcə korrupsiyaya qarşı mübarizədə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi hansı effekti verə bilər? – İctimai nəzarət bütün dövlət strukturlarının səmərəli və şəffaf fəaliyyətində böyük rol oynayır. Təbii ki, korrupsiya, rüşvətin qarşısını almaq üçün ölkədə vətəndaşlar aktiv olmalıdır. Yəni, mətbuat, insan hüquqları təşkilatları sərbəst fikir bildirməlidir ki, neqativ hallar azalsın. Ölkədə isə siyasi rejim daha çox mətbuatı susdurmaq və tənqidi fikir söyləyənləri həbs etməklə məşğuldur. Hökumət azad fəaliyyətə və azad sözə şərait yaratsa hər şey baş verə bilər.