“The Guardian” yazır ki, Britaniyanın əsas dini icmaları referendumun ardınca baş qaldırmış ksenofobiya, iqrçilik və etnik dözümsüzlük hallarına qarşı mübarizə üçün həmrəylik elan ediblər.
Anqlikan Kilsəsinin arxiyepiskopu, Westminster katolik kilsəsinin arxiyepiskopu, baş yəhudi ravvini və baş imamlar bölücülüyə və nifrət qızışdırlmasına qarşı çıxış ediblər.
Brüsseldə BMT İnsan Haqları komissarı deyib ki, Britaniyada azlıq icmaları və xaricilərə hücumlardan ciddi narahatdır. “The Guardian” yazır ki, polis referendumdan keçən dörd gün ərzində nifrət zəminli cinayətlərin 57 faiz artdığını bildirib.
Məqalədə deyilir ki, referendum kampaniyasında mühacirət əsas müzakirə mövzularından biri idi. İngiltərə Kilsəsinin lideri Justin Welby deyib ki, “şər adamları” referendumun nəticəsindən öz nifrətlərinin ifadəsi üçün sui-istifadə edirlər.
O deyib ki, hər bir demokratiyanın imtiyazı səsvermə, kampaniya aparmaq və müzakirə etməkdirsə, nifrət və bölücülük yaymaq demokratiya sayıla bilməz.
İngiltərə Kilsəsinin başçısı bu çıxışı London müsəlmanlarının Ramazan iftarında iştirakı zamanı edib. Bu iftar məclisinə ravvin Ephraim Mirvis və London meri Sadiq Xan da qatılmışdılar.
Polyaklara hücumlar
Justin Welby deyib ki, zorakılıq və nifrət aktları törədən “şər adamları” həmişə belə olublar və o, buna görə də Avropa İttifaqından çıxmaq kampaniyaçılarını qınamır.
Welby xüsusilə də Qərbi Londondakı Polyak Mədəniyyət Mərkəzinin binasına qarşı vandallıq aktını pisləyib. O Britaniyanın onilliklər ərzində dostu və müttədfiqi olmuş bir ölkənin vətəndaşlarına qarşı həqarəti pisləyib.
Westminster kardınalı, habelə İngiltərə və Uels Katolik Kilsələrinin başçısı Vincent Nichols da Polşa Mədəniyyət Mərlkəzinə hücumu pisləyib.
O siyasətçiləri belə bir çətin vaxtda hər bir vətəndaşla ayrıca danışmağa çağırıb.
Leeds şəhərinin imamı deyib ki…
Leeds şəhərinin imamı Qari Asim deyib kiI, referendum kampaniyasının hər iki tərəfi bir-birlərinə qarşı anlaşma göstərməyə borcludurlar.
İmam belə hadisələrin ifrat sağçıların yüksəlişinə rəvac verməsindən narahatlıq ifadə edib.
O həmçinin irqçi hücumlarla bağlı “Avropadan çıxmaq” kampaniyasının liderlərindən keç kimin bəyanatla çıxış etməməsini pisləyib. O deyib ki, burada doğulmuş mühacirlərin üçüncü nəslinə aid insanları küçədə saxlayıb “öz vətəninə nə vaxt qayıdırsan” deyə soruşurlar.
İmam bütün neqativ hallar barədə polisə məlumat verməyə çağırıb.
Leicester imamı Ibrahim Moqra referendumun nəticəsi ilə barışmağa və ölkənin həmrəyliyini qorumağa çağırıb. Şərqi London məscidində şeyx Əbdül Qəyyum irqi və dini hisslərlə oynayan siyasətçiləri qətiyyətlə pisləyib. Britaniya Yəhudi Nümayəndələrinin Şurası dini və irqçi hücumlar qarşısında sakit dayanmamağa çağırıb.
Nənəsi əcnəbidir deyə
“The Guardian” yazır ki, Britaniya referendumunun ardınca sosial mediada da nifrət duyğularının güclənməsi barədə məlumatlar vardır.
Chelmsford yepiskopu Lordlar Palatasına bildirib ki, bir məktəb direktoru ona uşaqların qorxudan məktəbə gəlmədiklərini deyib. Karen adlı bir alman qadın 1973-cü ildən Britaniyada yaşasa da, onun qapısına it nəcisi atıblar.
“Mən üç gündür ki, qorxudan evimdən çıxa bilmirəm, – deyib qadın LBC radiosuna, – Qonşularım mənə deyirlər ki, bu küçədə yaşamağımı istəmirlər. Dostumun nəvəsini ona görə döyüblər ki, nənəsi əcnəbidir”.
Manchester şəhərinin polisi bildirib ki, irqçi cinayətlərlə bağlı artıq həbslər həyata keçirilib.
Polis Tvitterdə belə cinayətlər barədə informasiyanın verilməsi üçün xüsusi heşteq hazırlayıb. Amnesty İnternational referendumdan sonra baş verən irqçi hücumların və insidentlərin sənədləşdirilməsinə başlayıb.