Ramiz Mehdiyevin Qərbə hücumunu kim sifariş edib?

ramizmehdiyev

Ramiz Mehdiyevin Qərbə hücumunu kim sifariş edib?

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Qərbi, beynəlxalq maliyyə institutlarını kəskin tənqid edən, hətta az qala Azərbaycanın Ermənistan kimi düşmənindən betər təqdim etməyə çalışdığı məqaləsi neçə gündür müzakirə olunur. Hər şeydən öncə onu qeyd edək ki, əgər administrasiya rəhbəri Azərbaycana qarşı münasibətdə Rusiyanın da birmənalı mövqeyinin olmadığını vurğulasaydı, digər ittihamlarını birmənalı qarşılamaq olardı. Amma cənab Mehdiyev birmənalı şəkildə Qərbi hədəfə alıb Rusiyanı Azərbaycanın ən real müttəfiqi kimi təqdim etməsi onun özünün illərdən bəri formalaşan imicini bir daha tam reallığı ilə ortaya qoyur.

İllərdən bəridir Azərbaycanın indiki hakimiyyətinin uzunömürlüyünün saxlanılmasında xüsusi rol oynayan, həm də başlıca oyunçulardan biri olan Ramiz Mehdiyev Rusiyanın ən sadiq adamı kimi tanınıb. Belə olan təqdirdə administrasiya rəhbərinin Qərbi hədəfə alması o qədər də təəccüblü, gözlənilməz deyil. Ancaq indi onun həmin Qərbin ünvanına səsləndirdiyi ittihamlar həmişə həm Qərblə, həm də Rusiya ilə münasibətlərin normal məcrada, əz azı balanslı şəkildə getməsinin tərəfdarı olan prezident İlham Əliyevin əksinə yönələn addımdır. Təbii, ola bilsin ki, ABŞ-ın və Qərbin ayrı-ayrı dairələrində Azərbaycanın indiki hakimiyyətinə münasibət birmənalı deyil. Lakin bütövlükdə həm ABŞ-ın, həm də Qərbin aparıcı dövlətlərini Azərbaycana münasibətdə düşmən kimi təqdim etmək, belə demək mümkünsə, Rusiyanın əlinə oynamaqdır. Cənab Mehdiyev əgər bu qədər obyektivdirsə, nədən administrasiya rəhbəri kimi çalışdığı uzun illər boyu bircə dəfə Azərbaycanın ən böyük probleminin – Dağlıq Qarabağ münaqişəsinin məhz Rusiyanın xeyir-duası ilə ortaya çıxdığını demir. Hamıya bəllidir ki, ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan Rusiya Qarabağ probleminin həllinə hər vəchlə mane olmaqla Azərbaycanı da Ermənistan kimi özündən asılı vəziyyətdə saxlayır.

Ramiz Mehdiyev həqiqi reallıqları nəzərə alsaydı, Rusiyanın Azərbaycanın şimal bölgəsi üçün uzun illərdir təhlükəsinə çevrilən “Sadval” separatçı təşkilatını, talışların çoxluq təşkil etdiyi cənub bölgəsində milli münasibətləri gərginləşdirməyə hər an hazır olan separatçı niyyətli qüvvələri dəstəklədiyini də qeyd etməliydi. Hər kəsə bəllidir ki, Rusiyanın Azərbaycana yönəlik münasibətləri qonşuluq səviyyəsində deyil, özündən hər daim asılı vəziyyətdə saxlamaq prinsipi əsasında qurulub və bu gün də belə davam edir.

Administrasiya rəhbərinin son ittihamlarını hakimiyyət daxilində özünün rəhbərlik etdiyi Rusiyapərəst qüvvələrin yeni revanş cəhdi saymaq olarmı?

Bəzilərinin fikrincə, Ramiz Mehdiyevin məqaləsi hakimiyyət daxilində ciddi fikir ayrılığının olmasını göstərir. Əgər belədirsə, İlham Əliyev hakimiyyətinin Qərblə, xüsusilə də ABŞ-la münasibətlərdə son zamanlar yaranan müsbət irəliləyişə görə yaranan fikir ayrılığında cənab Mehdiyevin qruplaşması ilə üz-üzə dayanan hansı qüvvədir? Prezidentin ətrafında ona ən sadiq məmurlardan biri prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, eyni zamanda Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdur. Söylənilənlərə inansaq, hakimiyyətdə müxtəlif vəzifə tutan və nurçularla əlaqələri olan məmurların oyundankənar vəziyyətə salınmasında məhz Əli Həsənovun xüsusi rolu olub. Nurçularla bağlı proses başlayanda ilk vurulanlardan biri Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov oldu, onun bu vəzifəyə qədər gəlib çıxmasında Ramiz Mehdiyevin xüsusi rolunun olduğu qeyd edilirdi. Digər bir məlumata görə, nurçu məmurların hədəfə alınmasından sonrakı dövrdə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun administrasiya rəhbəri ilə münasibətləri yeni müstəviyə keçib. Nurçuların hədəfə alınması prosesində Əli Həsənovun gözləniləndən çox fəallığı administrasiya rəhbəri ilə bu cütlük arasındakı münasibətlərin soyumasına səbəb olduğu da iddia edilir.

Administrasiyada özünə yaxın bildiyi şəxsin onun digər adamlarına nurçu damğası vurub oyundankənar vəziyyətə salınmaları, əlbəttə, Mehdiyevin nə zamansa haqq-hesab çəkəcəyini istisna etmirdi. İndi onun və komandasındakı bəzi şəxslərin yenidən fəallaşması və açıq-aşkar Rusiyameylli mövqelərini bir daha ortaya qoymaları təsadüfi sayılmamalıdır.

Əlbəttə, Mehdiyevin hakimiyyət daxilində digər tərəfdarları da var. Ancaq bu qruplaşma neçə müddətdir proseslərə o qədər də açıq şəkildə müdaxilə etmirdilər. Maliyyə naziri Samir Şərifovun ABŞ-a səfəri, beynəlxalq maliyyə institutları, xüsusilə Beynəlxalq Valyuta Fondu ilə Azərbaycana kredit ayrılması ilə bağlı danışıqların uğurlu nəticələnməsi Ramiz Mehdiyevi və onun qruplaşmasını qəzəbləndirə bilərdimi? Mümkün variantdır. Lakin hətta belə olsa da, administrasiya rəhbəri xeyli müddətdir hakimiyyət daxilində mövqeyi zəifləmiş halda Qərbə yönəlik sərt ittihamlar səsləndirməyə ən azı maraq göstərməzdi.

Mehdiyevin bu məqaləsinin onun Fuad Ələsgərovla birgə Çeçenistana səfərindən sonra ortaya çıxması, fikrimizcə, təsadüfi deyil. May ayının axırlarında baş tutan həmin səfər zamanı administrasiya rəhbəri Qroznıda Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevlə görüşmüşdü. Qayıdandan bir neçə gün sonra Mehdiyev Qərb üzərinə hücuma keçib. Görəsən, bu hücum hakimiyyət daxilindəki Rusiyapərəst qüvvələrin həm də İlham Əliyevə xəbərdarlığıdırmı? Bunu da birmənalı iddia etmək olmur. Görəsən, Patruşev Rusiyanın Azərbaycan hakimiyyətindəki ən sadiq adamı Mehdiyevə Qərbə hücumla bağlı hansı mesajları verib?

Zahid Səfərov

AzToday.az